Bu ölkənin gəmisini husilər vurdu: Ölənlər və yaralılar var

  • By admin
  • 07 Mart 2024 08:48

İranın dəstəklədiyi husilərin Qırmızı dəniz və Ədən körfəzində gəmilərə qarşı hücumları davam edir.

Gununsesi.info xəbər verir ki, Britaniya Husilərin Ədən körfəzində gəmini vurduğunu və ən azı 2 nəfərin öldüyünü açıqlayıb.

Hücumda yaralananların olduğu bildirilsə də, İngiltərənin açıqlamasında bildirilib ki, “Bu, husilərin ehtiyatsızlıqdan beynəlxalq gəmilərə raket zərbələri endirməsinin acınacaqlı, lakin qaçınılmaz nəticəsi idi”.

Vurulan “True Confidence” adlı gəminin sahibi və operatorunun Yunanıstan olduğu bildirilib.

Gəmidə azı 20 ekipaj üzvü və 3 silahlı mühafizəçinin olduğu bildirilir.

Husilərin verdiyi açıqlamada, “Hədəf əməliyyatı gəmi heyətinin Yəmən dəniz qüvvələrinin xəbərdarlıq mesajlarını rədd etməsindən sonra həyata keçirilib” , – deyilib.

Husilər “məzlum Fələstin xalqına dəstək və yardım göstərməkdə dini, mənəvi və humanitar vəzifələrini yerinə yetirməyə davam etdiklərini” iddia edərək, İsrailin Qəzza zolağına hücumları dayanana və Ərəbistan dənizindəki hücumların davam edəcəyinə diqqət çəkib.

Husilərə yaxın Əl-Mesirah televiziyası gəmi hücumundan sonra ABŞ və İngiltərənin Hudeyda Beynəlxalq Hava Limanını hədəf aldığını bildirib.

Hücum nəticəsində insan tələfatı və ya maddi ziyanla bağlı məlumat verilməyib.

Yəməndə İranın dəstəklədiyi husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabr 2023-cü ildə İsrail şirkətlərinə bağlı olduqlarını söylədikləri Yəmən sahillərində ticarət gəmilərini ələ keçirməyə, bəzilərinə pilotsuz uçuş aparatları və raketlərlə hücum etməyə başlayıblar..

ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze pilotsuz təyyarələri vurduqlarını açıqlayıb.

Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı “Rəfahın Mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu” yaradıldığını açıqlayıb.

31 dekabr 2023-cü ildə Qırmızı dənizdə İsrailə bağlı gəmini ələ keçirməyə çalışan husilərə aid üç sürətli qayıq ABŞ helikopterlərinin atəşinə məruz qalıb.

Husilər yanvarın 10-da bir ABŞ gəmisinin İsraili dəstəklədiyi səbəbiylə Qırmızı dənizdə raket və kamikadze dronlarla hədəf alındığını açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası husilərin Qırmızı dənizdəki hücumlarına dərhal son qoyulmasını tələb edən ABŞ və Yaponiyanın yanvarın 11-də təqdim etdiyi qətnaməni qəbul edib.

Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.

 

Gununsesi.info