Bu ölkədə pandemiyayla əlaqədar fövqəladə vəziyyət rejiminin müddəti uzadılır

  • By admin
  • 24 İyun 2020 15:15

Bolqarıstanda yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti iyulun 15-dək uzadılacaq.

Gununsesi.org-un “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə naziri Kiril Ananiyev deyib. 

“Biz pandemiyanın intensivləşməsini və koronavirusun yayılmasının artmasını müşahidə edirik”, – deyə nazir bildirib.

O qeyd edib ki, iyunun 10-dan 24-dək olan müddətdə yoluxma sayı 3 dəfə artıb, gün ərzində yoluxma sayı isə 26-dan 84-ə qalxıb.

Ananiyev vurğulayıb ki, ölkədə yeni məhdudiyyətlər və ya sərt qaydalar tətbiq olunmayacaq, lakin sosial məsafənin gözlənilməsi, tibbi maska taxılmasının məcburi olması və Avropa İttifaqından kənar ölkələrə səyahət qadağaları ilə bağlı addımlar daha da gücləndiriləcək.

Ölkənin Baş Naziri Boyko Borisov isə bildirib ki, futbol matçlarında sosial məsafə ilə bağlı qaydalara əməl edilmədikcə, oyunlar azarkeşsiz keçiriləcək.

Qeyd edək ki, Bolqarıstanda koronavirusa yoluxma hallarının sayının azalması ilə əlaqədar ölkədə iyunun əvvəllərindən başlayaraq məhdudiyyətlər yumşaldılmağa başlanılıb. Lakin ötən həftə ərzində ölkədə ümumilikdə 606 yoluxma faktı qeydə alınıb. Son 24 saat ərzində Bolqarıstanda 130 yeni yoluxma aşkarlanıb və beləliklə ölkədə infeksiyaya yoluxanların ümumi sayı 4 114 nəfərə yüksəlib. İndiyədək 208 ölüm qeydə alınıb. 

 

 

Gununsesi.org