Bu ölkədə son sutkada 400 min insan koronavirusa yoluxub – 3522 ÖLÜM 3522 ÖLÜM

  • By admin
  • 01 May 2021 09:50

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 401 min 993 yoluxma aşkarlanıb. Bu, pandemiya dövründə dünyada COVID-19 virusuna gündəlik ən çox yoluxma halıdır. Hindistan son bir neçə gündür ki, sutkalıq təsdiqlənmiş yoluxma üzrə dünya antirekordunu yeniləməkdədir.

Gununsesi.info xəbər verir ki, ötən sutka ölkədə COVID-19 infeksiyası səbəbindən 3 min 522 ölüm qeydə alınıb. Bu rəqəm ötən sutka dünya üzrə də ən böyük ölüm göstəricisi olub.

Hindistanda hazırda pandemiyanın 2-ci və daha ağır dalğası müşahidə olunur. Ölkədə indiyədək COVID-19 infeksiyasına 19 milyon 157 min yoluxma qeydə alınıb. Pandemiya qurbanlarının sayı isə 211 mindən çoxdur. Aktiv xəstələrin sayı 3,27 milyon nəfərdir.

Qeyd edək ki, təkcə aprel ayında ölkədə 6 milyondan çox yoluxma aşkarlanıb. Mütəxəssislər Hindistanda yoluxma sayının sürətlə çoxalmasının COVID-19 virusunun Hindistanda aşkarlanan daha təhlükəli variantı (B.1.617), habelə son aylar kütləvi siyasi və dini tədbirlərin keçirilməsi ilə bağlı olduğunu bildirirlər. COVID-19 virusunun Hindistan variantı virusun orijinal variantından daha təhlükəlidir. Belə ki, bu variantın yoluxuculuq dərəcəsi daha yüksəkdir və daha ölümcüldür. Bundan başqa, vaksinlərin qoruyuculuq qabiliyyətinə üstün gələ bilir.

Ekspertlər Hindistanda faktiki yoluxma sayının rəsmi rəqəmlərdən daha yüksək olduğunu bildirirlər.

Gununsesi.info