Bu, prosesi pozmaq deməkdir

  • By admin
  • 10 May 2022 11:12

“Brüssel görüşündən sonra ondan əvvəlki proseslər nəticəsində belə bir əminlik və qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə aid olan prosesə start verməyə, eyni zamanda delimitasiyaya başlamağa razılığını bildirib. Bu istiqamətdə səylər davam etdirilir. O ki qaldı Ermənistanın bizim 5 prinsipi qəbul etməyinə, məsələ bundan ibarətdir ki, sülh danışıqlarından söhbət aparırıqsa, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən söhbət gedirsə, Azərbaycanın təklif etdiyi 5 bənd əsasında bu proses getməlidir”. 

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Biz əvvəllər də demişdik, indi də o qənaətdəyik ki, hər hansısa qeyd-şərtlərlə prosesə başlamaq məqsədəuyğun deyil, bu, prosesi pozmaq anlamına gəlib çıxır”, – o bildirib.

Xələf Xələfov qeyd edib ki, Ermənistanda bu gün müəyyən mənada etirazlar var:

“Müxalifət hökumətə etiraz edir, hökumətin dəyişdirilməsinə can atır. Bu, Ermənistanın daxili işidir. Görünən odur ki, Ermənistanın indiki hakimiyyəti Azərbaycanla münasibətlərin normallaşma prosesinin davam etdirilməsindən imtina etməyib. Bu proses davam edir. O ki qaldı işçi qruplarının fəaliyyətinə, kommunikasiyaların açılması ilə əlaqədar işçi qrupların fəaliyyəti baş nazirlərin müavini səviyyəsində davam etdirilir. Sülh prosesi üçün siyasi iradə, xoş məram, sülh prosesinə sadiqlik tələb olunur. Azərbaycan sülh gündəliyini ortaya qoyub və bu məsələdə israrlıdır. Azərbaycan hesab edir ki, müharibə başa çatıb, münaqişə bitib, ərazi bütövlüyünü bərpa edib. Bundan sonra gedən bütün proseslər bu əsasda davam etməlidir. Azərbaycan və Ermənistan arasında sülh və qarşılıqlı anlaşma şəraitində dinc yaşama bərqərar olmalıdır”.

Gununsesi.info