Bu qədər insan mənzil satışı cinayətinin qurbanı olub

“Bir mənzilin bir neçə şəxsə satılmasının qarşısının tam alınması hələlik öz həllini tapmayıb”.

Gununsesi.info xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc tikinti sektoru ilə bağlı konfransda bildirib.

Z.Oruc deyib ki, qeyri-rəsmi məlumatlara əsasən, bir mənzilin bir neçə şəxsə satılması cinayətinin qurbanı olan şəxslərin sayı 5250 nəfərdir:

“Nəzərə alsaq ki, hər vətəndaş minimum 4 nəfərlik ailə tərkibinə malikdir, onların məruz qaldığı stress və maliyyə itkiləri hökumətdən bu sahədə təsirli tədbirlər görməyi tələb edir. Onu deyək ki, Azərbaycandan Avropa Məhkəməsinə müraciətlərin  90 faizə qədəri mülkiyyət hüquqları ilə bağlıdır”.

“2020-ci ildən sonra pandemiya, daha sonra Rusiya-Ukrayna müharibəsi tikinti sektoruna mənfi təsir edib. Son bir ildə mənzillərin əksəriyyəti kreditlə satılır. Bura həm ipoteka krediti, həm də bank daxili kreditlər aiddir. Böyük şirkətlər uzun illərdir ki, kreditlə evlər satırlar. Beləliklə, tikinti şirkətləri ilə hüquqi problemlər yaranan kimi, bank sektoru ilə birgə zəncirvari reaksiya işə düşür və iqtisadiyyatın bir neçə seqmenti o sindroma yoluxur”, – sədr əlavə edib.

Gununsesi.info