“Bu qətnamə Azərbaycana qarşı siyasi təzyiq alətidir” – Millət vəkili

Millət vəkili Cavanşir Feyziyev Milli Məclisin plenar iclasında çıxış edərək Fransa Milli Assambleyasında qəbul olunmuş Qətnaməni kəskin tənqid edib. Deputat bildirib ki, hər iki qətnamənin demək olar ki, yekdilliklə qəbul olunması ilk növbədə onu göstərir ki, prezident Makronun Fransaya rəhbərliyi dövründə Senat və Milli Assambleya Yelisey Sarayının göstərişlərini mütiliklə yerinə yetirən oyuncaq qurumlara çevrilib. Özünü demokratiyanın beşiyi adlandıran Fransada alternativ fikrə, ölkə rəhbərliyinin məqsədləri ilə üst-üstə düşməyən siyasi baxışlara yer qalmayıb.

44 günlük Vətən müharibəsi dövründə Fransanın ölkəmizə qarşı sərgilədiyi qərəzli mövqeyi şərh edən deputat qeyd edib ki, hələ müharibə günlərində Fransada ölkəmizin haqlı mövqeyini dəstəkləməyə cəhd göstərən siyasətçilər, ictimai-siyasi xadimlər, hətta tədqiqatçılar və siyasi şərhçilər də təqib olunurdu. Deputat bildirib ki, ”…iş o yerə gəlib çatmışdı ki, münaqişə ilə bağlı ölkəmizin mövqeyi haqqında obyektiv reportaj hazırlamış televiziya jurnalisti sosial şəbəkələrdə ölümlə hədələnmiş və bu təhdidlər reportajın on-line efirdən silinməsi ilə nəticələnmişdi…“.

HTML tutorial

Millət vəkili Milli Assambleya tərəfindən qəbul olunmuş qətnaməni növbəti saxtakarlıq nümunəsi adlandırıb və onu bölgəmizdə sülh yaradılması əleyhinə atılmış riyakar addım kimi qiymətləndirib. Cavanşir Feyziyev qeyd edib ki, Fransa Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlama bir daha onu göstərir ki, əslində bu qətnamələr Fransa höküməti üçün real fəaliyyət təlimatı yox, Azərbaycana qarşı siyasi təzyiq alətidir. Azərbaycan 30 il müddətində heç bir şantaja və təzyiqə boyun əyməyib, torpaqlarımızı işğaldan azad etmək üçün öz mübarizəsini sonadək şərəflə aparıb və ədaləti bərpa edib.

Deputat C. Feyziyev dekabrın 7-də Azərbaycanla Ermənistan arasında keçirilməsi nəzərdə tutulan növbəti görüş haqqında da danışıb. O bildirib ki, həmin görüşdə Ermənistan tərəfindən prezident Makronun iştirakı şərt kimi irəli sürülüb və cavabında prezident İlham Əliyev belə bir görüşün baş tutmayacağını bildirib. Deputat bildirib ki, belə bir qərar qəbul etməklə cənab prezident xalqımızın milli maraqlarını və mülli qürurunu şərəflə qorudu, riyakar Ermənistana və onun məkrli himayədarı Fransaya öz layiqli yerlərini göstərdi.

Cavanşir Feyziyev fikrini yekunlaşdırararq qeyd edib ki, “… bizim cavabımız işğaldan azad olunmuş ərazilərin tezliklə yenidən qurulub abadlaşdırılmasından, Böyük Qayıdışın uğurla həyata keçirilməsindən və bölgədən kənar güclərə vassallıq etməyə vərdiş etmiş Ermənistanı öz gücümüzlə sülhə məcbur etməkdən ibarət olmalıdır…

Gununsesi.info