“Bu qətnamə Fransanın imicinə xələl gətirir” – Senatordan özəl açıqlama

Ötən gün Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya Azərbaycana qarşı təxribat xarakterli qətnamə qəbul edib. Qətnaməyə 256 deputat lehinə səs verib, əleyhinə səs verən olmayıb.

Qeyd edək ki, qondarma qətnamədə Azərbaycana qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur.

HTML tutorial

Sözügedən sənəddə Azərbaycan vətəndaşlarının 30 illik işğal dövründə fundamental insan hüquqlarından məhrum olunması, Ermənistanın törətdiyi müharibə cinayətləri, dinc əhaliyə qarşı qətliam və digər qanunsuz əməlləri diqqətdən kənarda saxlanılıb. Bunun əksinə olaraq, Azərbaycan “işğalçı” kimi təqdim olunub.

Bundan əvvəl Fransa Senatı da Azərbaycan əleyhinə qətnamə qəbul edib. Səsvermə zamanı yalnız bir nəfər – Fransa Senatının üzvü Natali Qule saxta qətnamənin əleyhinə səs verib.

Fransa Senatının üzvü, Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini, habelə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule Modern.az-a açıqlamasında bildirib ki, aşağı palatada qəbul olunan qətnamə eyni məkirli siyasətin nəticəsidir.

“Eyni pislik yenə də davam edir. Bu, sırf erməni lobbisinin xoşuna gəlmək üçün edilən addımdır. Qanuni qüvvəyə malik olmayan eyni prosesdir. Bu qətnamənin Fransanın imicinə xələl gətirməkdən başqa heç bir hüquqi və ya məcburi təsiri yoxdur.

Mən Azərbaycan xalqına bildirirəm ki, bu, effektiv deyil və onu ciddi sənəd hesab etməyin. Bu, həmçinin Fransa hökumətinin mövqeyini ifadə etmir. Beynəlxalq əlaqələr parlamentin səlahiyyətlərində deyil. Odur ki, bunu döyüş meydanlarında qazana bilmədiklərini boş qərarlarla qazanmağa çalışan ermənilərin ümidsiz cəhdi kimi qəbul edin. Azərbaycanın haqq yolunda olduğuna əminəm. Bu qətnamənin Azərbaycana heç bir mənfi təsiri olmayacaq”, – deyə Natali Qule vurğulayıb.

Gununsesi.info