“Bu qələbə bizim üçün çox vacib idi” - “Neftçi”nin baş məşqçisi

  • By admin
  • 20 Sentyabr 2020 22:54

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov səfərdə “Qarabağ”ı 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransı keçirib.

Gununsesi.info xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyunu dəyərləndirib.

– Bu qələbəmizi bütün neftçilərə və komandamızın azarkeşlərinə həsr edirik. Avropa Liqasının oyunundan sonra komandada yorğunluq var idi. Çalışdıq ki, oyunçuları maksimum hazırlayaq. Komandamız bu gün meydanda əzmkarlıq göstərdi. Futbolçularımızı və azarkeşlərimizi təbrik edirəm. Bu qələbə bizim üçün çox vacib idi.

– “Neftçi” bu gün güclü idi deyə qələbə qazandı, yoxsa “Qarabağ”ın fiziki yorğunluğundan istifadə etdi?

– Hər iki komanda yorğun idi. “Qarabağ”ın uzun yoldan gəlməsini də qeyd edərdim. Rəqibin zəif olduğunu deməzdim. Amma bu gün futbolçular meydanda mübarizə aparıb qələbə qazandılar.

– Tallison nə üçün ehtiyatda qalır?

– O, özünə çox diqqət yetirən futbolçudur. Bu oyunda limitə görə ehtiyatda qaldı.

– Prins İbara hücum xəttini gücləndirəcək futbolçudurmu?

– O, çox güclü futbolçudur. “Qalatasaray”la oyundan sonra da çox yorulmuşdu. Bu, onda hiss olunurdu. Mirabdulla Abbasovun həm davranışı, həm də oyuna münasibəti çox dəyişib. Belə davam etsə, əsas heyətin oyunçusuna çevrilə bilər.

– Sizə elə gəlmirmi ki, Anton Krivotsyukun yoxluğu “Neftçi”yə faydalıdır?

– Anton bizim vacib futbolçumuzdur. Səhvsiz oyunçu yoxdur. “Sumqayıt”la oyunda problemlərimiz var idi, amma indi bunlar aradan qalxıb. Bizə zaman lazım idi, mən bütün futbolçularıma inanıram.

Gununsesi.info