Bu qanun beynəlxalq müqavilələrin media azadlığı ilə bağlı müddəalarına uyğun deyil - PREZİDENTƏ MÜRACİƏT

  • By admin
  • 15 Yanvar 2022 00:30

Ölkənin bir sıra tanınmış media kapitanları və media məsələləri üzrə ekspertlər yeni “Media qanunu” ilə bağlı Prezidentə müraciət edib.

Gununsesi.info həmin müraciəti olduğu kimi təqdim edir:

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına!

Azərbaycan Respublikası Milli Məclisində qəbul edilmiş “Media haqqında” qanun layihəsi ilə bağlı

MÜRACİƏT

Zati-aliləri cənab Prezident,

Sizə müraciət etməyimizin məqsədi 2021-ci il yanvarın 12-də imzaladığınız “Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanın icrası kontekstində hazırlanmış və Milli Məclisdə 3-cü oxunuşda qəbul edilmiş “Media haqqında” qanunun məzmunundan ciddi narahatlığımızı diqqətinizə çatdırmaqdır.

“Media haqqında” qanun layihəsi, təəssüf ki, ictimai müzakirə testindən keçirilmədən – müstəqil media və hüquq ekspertlərinin rəyləri nəzərə alınmadan, müzakirə görüntüsü yaradılmaqla hazırlanıbparlamentə çıxarılıb. Layihənin mətni parlament müzakirəsindən cəmi1 gün əvvəl ictimaiyyətə açıqlanıb. Qanun layihəsinin mətni açıqlandıqdan sonra dar zaman kəsiyində layihənin mürtəce, mediaifadə azadlığı standartları ilə üst-üstə düşməyən məzmununun yaxşılaşdırlmasına xidmət edən təkliflər paketini hazırlayıb, təqdim etmişik. Ancaq təəssüflər olsun ki, irəli sürdümüz vacib təkliflər diqqətsiz qalıb. Milli Məclis yekunda texniki məzmunlu bir neçə dəyişiklik etməklə layihəni qəbul edib.

Məzmunu media qanunları standartlarına uyğun gəlməyən, mətni mücərrəd, anlayışları dolaşıq olan qanun layihəsi jurnalistika fəaliyyətini tamamilə dövlət tənzimləməsinə tabe etdirir. O, kimin qanuni jurnalistika fəaliyyəti ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdən tutmuş, onlayn mediaların icra orqanından lisenziya və ya rəy almalı olması şərtinə qədər, bütün həlledici tənzimləmələrin açarını dövlətə təslim edir.. Qanun layihəsinin hazırlanması prosesi, layihənin məzmunu həm “İnformasiya əldə etmək haqqında” qanuna, həm Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrin media azadlığı ilə bağlı müddəalarına uyğun deyil.

Cənab Prezident,

“Media haqqında” qanun layihəsi artıq Milli Məclisdə son oxunuşda təsdiq edilib. Hesab edirik ki, qanun layihəsi Azərbaycanda media və ifadə azadlığı hüququnun inkişafına xidmət etmir, əksinə, müstəqillik dövründə bu sahədə əldə olunmuş kövrək nailiyyətləri kölgə altına alır. Biz bu müraciətimizlə Sizdən “Media haqqında” qanunu imzalamamanızı, onu yenidən işlənmək üçün parlamentə geri qaytarmanızı xahiş edirik.

Hörmətlə,

Arif Əliyev, Yeni Nəsil Jurnalistlər Birliyinin sədri

Osman Gündüz, Azərbaycanda İnternetin İnkişafı Forumunun sədri, Multimedia Mərkəzinin direktoru

Elçin Şıxlı, Ayna-Zerkalo qəzetinin baş redaktoru

Ələsgər Məmmədli, Media hüququ üzrə mütəxəssis

Mehman Əliyev, Turan İnformasiya Agentliyinin direktoru

Qulu Məhərrəmli, Jurnalistika və İnkişaf Mərkəzi” İB-nin sədri, media eksperti

Xalid Ağaliyev, Media hüququ üzrə mütəxəssis