Bu, qapanmalara yol aça bilər – Baş infeksionistdən XƏBƏRDARLIQ

  • By admin
  • 23 İyun 2021 12:28

Son zamanlar Azərbaycandakı epidemioloji durum qənaətbəxş qiymətləndirilir. Yeni yoluxma halları ikirəqəmlidir, aktiv xəstələrin sayı artıq üçrəqəmli həddə düşüb, bəzi günlərdə bu infeksiyadan ölüm baş vermir. Bütün bunlar onu deməyə əsas verir ki, epidemioloji durum kifayət qədər stabil, infeksiya nəzarət olunan səviyyədədir. Əldə olunan müsbət dinamikanın müxtəlif səbəbləri var.

Gununsesi.info xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Mütəxəssis bildirib ki, hökumətin pandemiya əleyhinə kompleks mübarizə tədbirləri effekt verməkdədir:

“Əhali bu infeksiya haqqında kifayət qədər məlumatlanıb, bütün nəzərdə tutulan qaydalara əməl edir. Lakin başlıca səbəblərdən biri insanların xeyli sayda peyvənd olunaraq süni immunitet əldə etməsidir ki, bu say yoluxaraq xəstələnən və təbii immunitet qazanmış şəxslərin sayını xeyli üstələyir. May ayından etibarən vaksinasiya prosesi bir qədər də sürətlənib, hazırda əhalinin 30 faizinin ən azı bir dozanı alması bildirilir.

Arzuolunan isə bu prosesin daha sürətlə davam etdirilməsidir. Mövsümi faktorların təsiri mövcuddur, yəni havaların qızması nəticəsində insanlar daha çox açıq məkanlarda toplaşmağa üstünlük verir və qapalı məkanlarda olarkən oradakı hava daim açıq saxlanılan nəfəsliklərdən dəyişdirilir.

Əldə olunan müsbət nəticələri saxlamaq üçün birinci növbədə vaksinasiya prosesində fəal iştirak etmək, qısa zaman kəsiyində hədəflərə çataraq kütlə immunitetini qazanmaq, digər tərəfdən isə qoruyucu “qızıl qaydalar”a icazə verilən tərzdə ciddi əməl etmək, sayıqlığı itirməmək tələb olunur. Nəzərə almaq lazımdır ki, pandemiya hələ ki, bitməyib və onun sonrakı gedişatı hər birimizin davranışından asılıdır. Yumşalmaya gedilən zaman tam arxayınlaşmaq yolverilməzdir, bu, növbəti artımlara, son nəticədə yenidən qapanmalara yol aça bilər”.

Gununsesi.info