“Bu, “Qarabağa qayıdırıq” mesajıdır…” - KOMİTƏ SƏDRİ

  • By admin
  • 02 Fevral 2017 11:13

1454453280_cebrayil

Azərbaycanda gənclərin inkişafı üçün bütün imkanlar yaradılıb. “Gənclər siyasəti haqqında” Qanunla gənc nəslə dövlət qayğısının prinsipləri müəyyənləşdirilib.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov 2 fevral – Gənclər Günü ilə bağlı mətbuata açıqlamasında deyib.

F. Muradov qeyd edib ki, Azərbaycan dövlətinin gənclər siyasətindən danışarkən Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmış “Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə” və 2011-ci ildə imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramları xüsusi qeyd edilməlidir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı isə dövlətin bu sahədə işlərinin mövsümi xarakter daşımadığını, gəncləri cəmiyyətin hərəkətverici qüvvəsinə çevirməkdə birbaşa maraqlı olduğunu göstərdi.

Komitə sədri bildirib ki, hazırda 2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası uğurla icra olunmaqdadır:

“Bu gün Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Bizim gənclik azad düşünür, demokratik cəmiyyətdə yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir. Bütövlükdə, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Prezident İlham Əliyev qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Bunda məqsəd, şübhəsiz, yeni düşüncəli, kreativ ruhlu gənclik yetişdirmək, dövlət idarəçiliyini yüksək ixtisaslı kadrlarla təmin etməkdir”.

F. Muradov qeyd edib ki, bu gün gənclərimizin hərbi vətənpərvərlik ruhu çox yüksəkdir:

“Ötən ilin aprel döyüşləri bunu bir daha təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa edilməsi ilə bağlı Sərəncamı bütün xalqımızda, o cümlədən gənclərimizdə böyük ruh yüksəkliyi yaradıb. Çünki bu, “Qarabağa qayıdırıq” mesajıdır. Təbii ki, gənclərimiz bu məqsədlə Ali Baş Komandanımızın əmrini hər an yerinə yetirməyə hazırdırlar”.

Gununsesi.info