Bu şəhərdə qırmızı işığı gözləmirlər - Fotolar

  • By ilhame
  • 04 Oktyabr 2023 20:59

Avropa Liqasının qrup mərhələsinə Skandinaviya təmsilçisi “Molde”ni məğlub etməklə başlayan “Qarabağ” növbəti 3 xalın dalınca bu soyuq yarımadaya üz tutdu. Norveçilərin qonşusu İsveçin “Hekken” klubu ilə matç ölkənin ikinci ən böyük şəhəri Göteborqada baş tutacaq. Mənim də yer aldığım jurnalist heyəti ilə birlikdə komanda ilə səfərə yollandıq. 5 saatlıq uçuşun ardından çatdığımız şəhər bizi soyuq hava və küləklə qarşıladı. 

Ağdam klubunun İsveçə gəlişini eşidən həmyerlilərimiz komandanın qalacağı hotelin qarşısına Azərbaycan bayrağı ilə gələrək matçdan iki gün öncədən dəstəklərini bildirdilər. Biz isə komandanın qaldığı hotelin yaxınlığında yerləşən və Skandinaviya adına görə məşhur “Scandic Crown” hotelində məskunlaşdıq. İlk gecə şəhəri az da olsa gəzmək fikrinə düşdük. Gəzdiyimiz küçələrdə nadir hallarda insana rast gəlmək mümkün idi. Restoranlar da bağlanmışdı.

Skandinaviyanın 4-cü ən böyük şəhəri təkcə soyuq havası ilə deyil soyuq mənzərəsi ilə də diqqətimizi çəkdi. 570 min əhalisi olan şəhərdə heç 100 nəfər belə gözə dəymədi. Bu şəhərin kəndləri ilə birlikdə əhalisi isə 1 milyon təşkil edir.

Növbəti gün isə təbii ki, Göteborq şəhərini gəzmək niyyəti ilə oteldən çıxdıq. Dəfələrlə sosial şəbəkələrdə rast gəldiyim “İsveçin gözəl mənzərəsi” başlıqlı fotoları artıq canlı görürdüm. Bu şəhərin əsasını elə mükəmməl təbiəti, yaşıllıqları təşkil edir. Avropanın mərkəzi ölkələrindəki bütün şəhərlərdə yaşıllıqlara rast gəlmək mümkündür, amma İsveçdə isə bu aşırı dərəcədədir. Hər iki küçədən birində kiçik meşələr var sanki.

Ətrafına turistlərin yığıldığı yunanların dəniz Allahı Poseidonun heykəli 1923-cü ildə tikilmiş Göteborq Muzeyinin qarşısında ucaldılıb. Turistlərin ən çox axın etdiyi yerlərdən biridir. Poseidon heykəlinin önündə qalxan yol isə bizi Vasa kilsəsinə apardı. 1909-cu ildə tikilən bu kilsə xristian dininin təriqəti olan protestantizmə inananların ibadət yeridir. Kilsənin ətrafında isə bir neçə tarixi abidə var.

Mərkəzdən keçən Göta çayın isə böyük limanı ilə də məşhurdur. Şəhərlə eyniadlı liman neft daşımaları ilə tanınır. Uzunluğu 13,1 km olan liman həm də digər daşımaları həyata keçirir. Maraqlıdır ki, liman çayda yerləşsə də, böyük tankerlər burada lövbər sala bilir.

Çayın sahili ilə paraleldə isə şəhərin maraqlı binaları yerləşir. Qayalıqlar üzərindəki yaşayış binaları ilə yanaşı restoranlar da tikilib. Bu cür tikililərin sayı heç də az deyil.

Göteborq həm də Skandinaviyanın elm şəhəridir. Bu şəhərdə hər il 60 mindən çox tələbə təhsil alır. Müxtəlif ölkələrdən yüzlərlə gənc buraya oxumaq üçün gəlir. Elə şəhərin mərkəzində yerləşən eyniadlı universitetin görünüşü isə göz oxşayırdı. Tarix ilə müasirliyin vəhdətindən hazırlanan binanın yanından baxmadan keçmək mümkünsüzdür.

Nəqliyyat sisteminin mükəmməliyini isə mütləq qeyd etmək lazımdır. Tramvaylar ictimai nəqliyyatın əsasını təşkil edir. Tıxaca isə demək olar ki, rast gəlmədik. Digər Avropa şəhərlərindən fərqli olaraq insanların bahalı maşınlar sürməsi dəqqətimi çəkməyə bilməzdi. Daha çox “Porsche” sürənləri görmək olar.

İsveçlilərin diqqətimi çəkən pis cəhəti isə qırmızı işıqda gözləməməkləri idi. Bu avtomobil sürücülərinə yox piyadalara aiddir. Bu cür mükəmməl ölkədə insanlar səbr edib yaşıl işığın yanmasını piyada keçidlərində gözləməkdə çətinlik çəkirlər.

Futbol tərəfinə gəlincə, sabah yerli “Hekken” qrup mərhələsində oynayacaq. Lakin şəhərdə bu matça aid nə afişa var, nə də böyük maraq. İlk turda Leverkuzen “Bayer”inə 0:4 uduzan komandaya yəqin ki, inamın az olması marağı da azaldıb. Görünən odur ki, soyuq şəhər futbola da soyuq yanaşır…

Gununsesi.info