Bu şəxslər meymunçiçəyinə yoluxmayacaq

  • By admin
  • 02 İyul 2022 14:42

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi virusunun diaqnostikası və müalicəsi üzrə hazırladığı klinik protokolda xəstəliyin ağır gedişatına görə risk faktorlarını müəyyən edib.

Gununsesi.info İSİM-in hazırladığı klinik protokola istinadən bildirir ki, virusun ağır halları daha çox uşaqlarda müşahidə edilir.

Meymunçiçəyi xəstəliyinin ağırlaşması pasiyentin ümumi sağlamlıq vəziyyəti ilə əlaqədardır.

Dərin immunçatışmazlığı daha ciddi nəticələrə səbəb ola bilər. Eyni zamanda hamilələr, atopik dermatit, ekzema və digər dəri xəstəlikləri olanlar daha yüksək ağırlaşma və ölüm riski altındadır. Tibb işçiləri də virusla daha uzun müddət təmas halında olduqlarına görə risk qruplarına daxildir.

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyi virusuna yoluxma ehtimalı müəyyən qədər azdır. Lakin dünya üzrə təbii çiçək xəstəliyinə qarşı peyvəndlənmənin 40 ildən artıqdır ki, dayandırılması bu yaşdan cavan olan insanların meymunçiçəyi xəstəliyinə həssas olmalarını əsaslandırır.

Yoluxmanın risk qruplarına immunçatışmazlığı olanlar və yoluxmuş insanlara qulluq edən şəxslər aiddir.

Xəstədə gözdə ağrı və ya bulanma, təngnəfəslik, sinə ağrısı, nəfəs almaqda çətinlik, huşun pozulması, dezoriyentasiya, yuxululuq, qıcolmalar, qida qəbulunun əhəmiyyətli azalması, eləcə də uzun müddət davam edən qızdırma, arterial hipotenziya kimi hallar olduğu təqdirdə yaxından izlənilməlidir.

Qeyd olunan əlamətlərdən hər hansı biri olarsa, gecikmədən mütəxəssisə müraciət olunmalıdır.

Gununsesi.info