Bu şagirdlər buraxılış imtahanlarına getməyə bilər

  • By admin
  • 05 İyun 2020 12:42

Dövlət İmtahan Mərkəzi tərəfindən 10 və 11 iyun 2020-ci il tarixlərindən etibarən hər həftə içi günlərində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsində təhsilalanlar üçün buraxılış imtahanları keçiriləcək.

Gununsesi.org-a daxil olan məlumata görə, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 9 illik və 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər buraxılış imtahanlarında iştirak etməyə bilərlər.

Bu imtahanlarda iştirak etməyən 9 və 11-ci sinif məzunları üçün əlavə qeydiyyat tələb olunmadan sentyabr ayında yenidən buraxılış imtahanları təşkil olunacaq və həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək, 9-cu sinif şagirdləri isə istəkləri olduğu təqdirdə 10-cu sinfə keçiriləcək.

Lakin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən abituriyentlər şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər.

 

 

Gununsesi.org