Bu, saxta diplomlu şəxslərin üzə çıxmasına kömək olacaq – Gənc Alim

  • By admin
  • 06 Fevral 2021 08:57

Qanunun əhəmiyyətindən danışan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, qərar bir sıra mühüm məqamları özündə ehtiva edir: “Bununla bağlı iş çoxdan başlanılmışdı və elektron bazanın formalaşdırlması istiqamətində proses davam etdirilirdi. Ümid edirəm ki, məzunlarımız üçün bu sistem əlçatan olacaq. İstənilən yerdə, məkan və zaman heç kəsə əngəl olmadan kər kəs təhsil sənədlərini əldə edə biləcək”.

İ.Orucovun sözlərinə görə, bunun üçün hər bir məzuna müvafiq kodlar veriləcək və təqdim olunan kod vasitəsilə şəxs sistemə daxil olaraq öz elektron sənədini rahatlıqla əldə edə biləcək: “Qərar insanların müvafiq sənədlərə əlçatanlığının təmin olunması baxımından xeyli əhəmiyyətlidir. Həmçinin bu, əmək bazarında saxta diplomlu şəxslərin üzə çıxmasına da kömək olacaq. Çünki sistemə təkcə məzunlar deyil, işəgötürənlər də daxil olub həmin şəxsin müvafiq təhsil sənədini görə biləcəklər”.

Ekspert əlavə edib ki, burada təhsil haqqında sənədlər deyərkən təkcə ali məktəb diplomları nəzərdə tutulmayıb: “Orta ixtisas təhsili müəssisələrinin və peşə məktəblərinin diplomları, attestatlar və təhsil arayışları da bura daxildir”.

İ.Orucov qərarın digər bir özəlliyindən də danışıb. Bildirib ki, yeni qərar təkcə builki və bundan sonrakı illərin məzunlara şamil olunmayacaq, həmçinin əvvəlki illərin məzunlarının sənədləri də bu sistemdə yerləşdiriləcək: “Onlar da sistemə daxil olaraq sənədlərinə baxa və yükləyə bilərlər. Bununla yanaşı, təhsilin müəyyən pilləsini bitirən şəxslərin hansısa təhsil arayışlarının alınması ilə bağlı elektron xidmət də göstəriləcək. Bu, həm bütövlükdə Azərbaycanda son illərdə müxtəlif sahələrdə elektron xidmətlərin tətbiq olunmasından irəli gələn məsələdir, həm də insanlar üçün daha rahat bir şərait yaradılmasına yönəlib.

Bu bəcrübə dünyanın müxtəlif ölkələrində mövcuddur. Region ölkələrindən Rusiyada və müxtəlif Avropa ölkələrində analoji təcrübə var. Bütün bunlar insanların bu xidmətlərdən daha rahat formada yararlana bilmələrinə və əlçatanlığa yönəlib”.publika.az

Gununsesi.info