Bu saziş Ermənistanı yenidən düşünməyə vadar edəcək - Quliyev

  • By admin
  • 12 Mart 2022 12:23

“Araz çayı üzərində yeni 4 körpü tikiləcək xəbəri təkcə gündəmi dəyişmədi, regionun həyatını dəyişəcək hadisələrin başlanğıcı oldu. İllərlə Babəkin kəsik qolları kimi yarası sızıldayan Xudafərinə baxıb Araz çayına ayrılıq nəğmələri oxumaq zorunda qalan bizlər indi Araz üzərindən dostluq, qardaşlıq körpülərinin açılmasının şahidləri və iştirakçıları kimi xoşbəxtik”.

Gununsesi.info bildirir ki, bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Deputat bildirib ki, 1992- ci ilin mayında Ümummilli lider Heydər Əliyevin təşıbbüsü ilə Araz çayı üzərində tikilən “Ümid körpüsü” o illərdə Naxçıvanı aclıqdan və fəlakətdən xilas etmişdi: “30 il sonra isə cənab Prezident İlham Əliyevin səyləri ilə reallaşan Araz çayı üzərində yeni 4 körpüdən ibarət yol- kommunikasiya qovşağının qurulması Naxçıvanı Azərbaycanla birləşdirməklə yanaşı, 3 qonşu müsəlman dövləti – Azərbaycan- İran və Türkiyə arasında  birliyin daha da möhkəm həlqəsi kimi əhəmiyyətlidir. Azərbaycan hökuməti ilə İran hökuməti arasında yeni kommunikasiya əlaqələrinin yaradılması barədə sazişin imzalanması böyük siyasi, iqtisadi, loqistik əhəmiyyətə malik tarixi hadisədir. Azərbaycan Respublikasının Prezindenti cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə apardığı çevik xarici  siyasət,  diplomatik manevrlər bölgədə davamlı və möhkəm sülhün yaranmasına, yeni və faydalı əməkdaşlıq  imkanlarının reallaşmasına yönəlik nəticələr verməkdədir”.

Millət vəkili bildirib ki, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü 3+3 formatında əməkdaşlıq platforması bölgəmizdə yeni siyasi- iqtisadi mənzərə yaradan uğurlu layihə kimi əhəmiyyətlidir:

“Bu layihənin reallaşması üçün bölgə dövlətləri arasında qarşılıqlı etimada və etibara əsaslanan ikitərəfli və çoxtərəfli sazişlərin və müqavilələrin böyük əhəmiyyəti vardır. 2021-ci ilin 15 iyununda Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları tarixi Şuşa Bəyannaməsinin və bu ilin fevralında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Moskvada  bağlanmış müttəfiqlik səviyyəsində əməkdaşlıq Müqaviləsinin ardınca 11 mart 2022- ci il tarixdə Bakıda Azərbaycan və İran hökumətləri arasında yeni nəqliyyat- kommunikasiya əlaqələrinin yaradılması haqqında Sazişin imzalanması bölgə həyatına yeni perspektivlər vəd etməkdədir. Əlbəttə, cənab İlham Əliyevin ideyası olan Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən loqistik layihə deyil, Türk dünyası arasında 102 il əvvəl pozulmuş coğrafi bağlantının, eləcə də, pozulmuş tarixi ədalətin bərpası kimi böyük  missiyanın reallaşması olacaq. Təəssüf ki, Ermənistanın destruktiv siyasi mövqeyi Zəngilan-Mehri-Ordubad yolunun və kommunikasiya xəttinin açılmasını artıq il yarımdır ki, ləngidir. Əslində, Ermənistan öz aləmində Zəngəzur dəhlizi kartından Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək istəyir.  Lakin bu uğursuz ölkədə unudurlar ki, kommunikasiyaların açılması məsələsi Ermənistanın kapitulyasiya aktı kimi imzaladığı 10 noyabr 2020-ci il tarixli üç tərəfli bəyanatda öz əksini tapmışdır və Ermənistan göyə də çıxsa, yerə də girsə bu layihə gec- tez reallaşacaq. Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, yaxşı olar ki, Ermənistan  Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəsinə düşən vəzifələri könüllü surətdə yerinə yetirsin, əks halda, biz Ermənistanı buna məcbur edəcəyik”.

Musa Quliyev deyib ki, istənilən halda, Azərbaycan dövləti böyük siyasi iradə  nümayiş etdirərək, kommunikasiya dəhlizlərinin yaranmasında aparıcı rolunu ortaya qoydu və yenə də Ermənistanın iqtisadi gərəksiz, loqistik dalana düşmüş bir durumu göz önündədir:

“Əgər Ermənistan indiyədək bir Zəngəzur dəhlizini açmaq istəmirdisə, indi iki Zəngəzir dəhlizi-Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvanla birləşdirən Cənub Zəngəzur Dəhlizi və yaxın vaxtlarda mütləq reallaşacaq Zəngilan-Mehri-Ordubad istiqamətini nəzərdə tutan Şimal Zəngəzur Dəhlizi reallığı ilə barışmaq zorundadır. Cənub Zəngəzur Dəhlizi Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında avtomobil, dəmir yolu, elektrik, qaz, rabitə xətləri əlaqəsinin yaranmasını təmin etməklə yanaşı, Azərbayacan,  İran və Türkiyənin  dövlət maraqlarının daha sıx inteqrasiya olunmasına xidmət edəcəkdir.

Bu həm də, bölgənin 3 müsəlman dövlətinin  həyatında  yeni mərhələnin başlanması deməkdir. Zəngilanın Ağbənd qəsəbəsindən körpülər vasitəsi ilə İran ərazisinə keçən yeni kommunikasiya xətti Ermənistanın dövlət sərhədinə 5 km məsafədən olmaqla təxminən 55 km  İran ərazisindən keçərək Ordubada daxil olacaqdır. Yaxın gəlıcəkdə qardaş Türkiyə də “Ümid Körpüsü” üzərində  Qars – Naxçıvan dəmir yolu tikərək Zəngəzur dəhlizinə qoşula biləcəkdir. Bu saziş həm də Ermənistanı yenidən düşünməyə, 10 noyabr üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiyaların açılmasına süni maneələrin aradan qalxmasına təkan verəcək.Ağbənd-Mehri-Ordubad dəhlizinin – biz bu yola Şimal Zəngəzur Dəhlizi deyə bilərik, eləcə də Laçın-Sisyan-Şahbuz avtomobil yolunun da açılması ilə daha çox alternativlərimiz və manevr imkanlarımız yaranacaq”.

Gununsesi.info