“Bu təxribatlar Paşinyanın iradəsindən xaric hökümətə müxalif qruplar tərəfindən təşkil oluna bilər” - Cavanşir Feyziyev

  • By admin
  • 04 Dekabr 2021 20:03

“Ermənistanla sərhəddə və xüsusilə Qarabağ ərazisində davamlı olaraq təxribatların planlanması və həyata keçirilməsinin 2 səbəbi ola bilər” .

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib. “Birincisi, bu təxribatlar Paşinyanın iradəsindən xaric hökümətə müxalif qruplar tərəfindən təşkil oluna bilər. Bu Ermənistan daxilindəki siyasi mübarizə ilə əlaqədar olub, Paşinyan hökümətinin hakimiyyətdən uzaqlaşdırılması məqsədilə təşkil oluna bilər. Çünki bəzi hallarda sanki Paşinyan hakimiyyəti bu təxribatlardan xəbərsiz kimi görünür. İkincisi, Paşinyan hakimiyyətinin düşünülmüş planları əsasında da belə təxribatlar təşkil oluna bilər. Ermənistan 44 günlük müharibə zamanı Azərbaycanla üz-üzə qaldı və nəticə bəllidir”.

Deputat deyib ki, müharibə dövründə bütün səylərinə baxmayaraq Ermənistan xarici qüvvələri Azərbaycana qarşı öz tərəfinə çəkə bilmədi.

” Amma müharibədən sonrakı vəziyyət də Paşinyan hakimiyyəti üçün olduqca ağırdır. Artıq çox ciddi və Ermənistan üçün tale yüklü məsələlər barəsində qərar vermək lazımdır. Amma Ermənistan hakimiyyəti bu qərarları təkbaşına verməyə qorxur. Odur ki, mümkün qədər digər dövlətləri, məsələn, heç olmasa, Minsk Qrupunun həmsədrləri olan dövlətləri və eləcə də mümkün olan bütün beynəlxalq təşkilatları qalan məsələlərin həllinə cəlb etməyə çalışır. Özünün Azərbaycanla birbaşa danışıqlarda əldə edə bilməyəcəklərini digər dövlətlər və ya beynəlxalq təşkilatlar vasitəsilə əldə etməyə çalışır. Müharibədən keçən bir il onu göstərir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatmış hesab olunur və beynəlxalq təşkilatlarıın gündəliyində belə bir məsələ yoxdur. Bu isə Ermənistana sərf etmir. Odur ki, vaxtaşırı təxribatlar törətməklə Ermənistan guya Qarabağda yaşayan ermənilər üçün həyati təhlükə olduğunu beynəlxalq birliyə təlqin etməyə və bu bəhanə ilə yenidən dünyanın diqqətini bölgəyə cəlb etməyə çalışır”.

C.Feyziyev deyib ki, Azərbaycan hökuməti minaların təmizlənməsi və xəritələrinin əldə edilməsinin də öhdəsindən uğurla gələcək.

C.Feyziyev deyib ki, Azərbaycan hökuməti minaların təmizlənməsi və xəritələrinin əldə edilməsinin də öhdəsindən uğurla gələcək.

” Bu işdə artıq bir sıra dövlətlər və beynəlxalq təşkilatlar da özlərinin maddi və texniki yardımını göstərirlər. Amma istənilən halda mina xəritələrini təqdim etməkdən imtina etmək hərbi cinayətdir. 30 il ərzində çoxsaylı cinayətlər, o cümlədən Xocalı soyqırımını törətmiş Ermənistandan mina xəritələrinin xoşluqla verilməsi kimi bir addımı gözləmək sadəlövhlük olardı. Ermənistan o xəritələri yalnız məcbur edilərək verə bilər”.

” O ki qaldı humanizmdən dəm vuran bəzi dövlətlərin mövqeyinə, bu bizim üçün heç təəccüblü deyil” – deyə, deputat əlavə edib:

“30 il ərzində 1 milyon insanın qaçqına və köçkünə çevrilməsi ilə nəticələnən işğal faktına göz yuman dövlətlərdən nə gözləmək olar. Əgər bütün dövlətlərin və beynəlxalq təşkilatların apardıqları siyasət humanizm prinsiplərinə əsaslansaydı, o zaman heç müharibələr də olmazdı, dağıntılar və itkilər də baş verməzdi. Amma məlumdur ki, son iki yüz ildə dünyanın müharibəsiz günü demək olar ki, olmayıb. Bütün bunlar siyasətin özünün ədalət, humanizm, beynəlxalq hüquq kimi prinsiplərdən kənarda aparılmasının nəticəsidir. Yəni humanizmdən və ya ədalətdən danışmaq hələ humanist və ədalətli siyasət yürütmək demək deyil. Qlobal siyasətdəki mövcud durum budur”.

Gununsesi.info