Bu terrordur, əhali ayıq-sayıq olmalıdır - QUBAD İBADOĞLU

  • By admin
  • 29 Mart 2023 09:49

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu deputat Fazil Mustafaya qarşı terror aktına münasibət bildirib.

Gununsesi.info partiya sədrinin açıqlamasını təqdim edir.

Milli Məclisin və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvünün, hakimiyyətyönlü siyasi partiya sədrinin həyatına sui-qəsdlə nəticələn silahlı hucumu motivindən asılı olmayaraq terror aktı kimi dəyərləndirir, güllə yarası alan Fazil Mustafaya şəfa diləyirəm. Hesab edirəm ki, belə cəhdlər Azərbaycanda sabitliyin pozulmasına, əhali arasında təşviş salmağa, dinlər və məzhəblər arasında qarşıdurma yaradılmasına yönəlib. Bəyan edirəm ki, ölkədə təkbaşına idarəçiliyin hökm sürdüyü, xarici siyasətdə diplomatiyanın arxa plana keçdiyi, dövlət orqanlarında korrupsiyanın tüğyan etdiyi halda heç kəs belə hadisədən sığortalana bilməyəcək. Odur ki, ilk növbədə əhalini ayıq-sayıq olmağa, hüquq mühafizə və xüsusi xidmət orqanlarını terrorun təşkilatçıları və icraçılarını tezliklə tapıb cəzalandırmağa çağırıram.

Hadisənin İsraildə Azərbaycan səfirliyinin təntənəli sürətdə təşkil olunan rəsmi açılış mərasimindən bir gün öncə baş verməsini təsadüfi saymıram. Terror hadisəsinin DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi münasibətilə tədbir keçirilən gün DTX rəisinin “Azərbaycana qonşu olan bəzi dövlətlərin xüsusi xidmət orqanlarının təxribatlarının qarşısı qətiyyətlə alınır” açıqlamasından bir neçə saat sonra baş verməsini qonşu dövlətlərdən birinin bu bəyanata ayrıca və ya birgə cavabı kimi qiymətləndirirəm.

Fikrimcə, bu terror hadisəsi ölkəyə xaricdən turistlərin, investorların gəlişinə mənfi təsir göstərəcək, Azərbaycanın qonşu dövlətlərlə gərgin olan münasibətlərində müşahidə olunan soyuq savaşın şiddətini artıracaq.

Gununsesi.info