Bu vəsaitlərin 50 faizi prokurorluq işçilərinə mükafat kimi veriləcək

  • By admin
  • 16 İyul 2021 19:23

Prezident İlham Əliyev “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Gununsesi. info xəbər verir ki, sənədə əsasən, “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilir.

HTML tutorial

Maliyyə Nazirliyi bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası belədir:

Bu Qayda “Prokurorluq haqqında” Qanuna əsasən hazırlanıb və Prokurorluğun xəzinə hesabına köçürülən vəsaitdən (bundan sonra – vəsait) istifadə qaydasını müəyyən edir.

Vəsaitdən prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə istifadə olunur.

Vəsaitdən istifadə edilməsi

Vəsaitin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi Baş Prokurorluğun bu məqsədlə açılmış müvafiq xəzinə hesabı vasitəsilə həyata keçirilir.

Vəsaitin uçotu “Mühasibat uçotu haqqında” Qanuna, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən və Maliyyə Nazirliyinin təsdiq etdiyi uçot qaydalarına uyğun həyata keçirilir.

Köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi Baş Prokurorluq və Maliyyə Nazirliyi tərəfindən təmin olunur.

Baş Prokurorluq vəsaitdən istifadəyə dair Maliyyə Nazirliyinə müvafiq hesabat təqdim edir.

Vəsaitdən istifadə ilə bağlı digər məsələlər Nazirlər Kabinetinin təsdiq etdiyi Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında müvafiq Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

Vəsait Azərbaycanın mülkiyyəti hesab olunur, Baş Prokurorluğun sərəncamındadır və onun istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz.

Maliyyə Nazirliyi hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-da (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə, növbəti iş günü) Baş Prokurorluğun xüsusi xəzinə hesabına köçürülməsini təmin edir.

Vəsaitdən istifadə istiqamətləri

Vəsaitin prokurorluq işçilərinin (bundan sonra – işçilər) sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

İşçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;

Bütün işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə;

İşçilər üçün kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə.

Prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə vəsait aşağıdakı istiqamətlərə xərclənir:

Malların (işlərin və xidmətlərin) alınmasına;

İnzibati və təsərrüfat təyinatlı binaların tikintisinə, onların əsaslı və cari təmirinə;

Beynəlxalq təşkilatlara üzvlük və beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə;

Azərbaycan Respublikası Baş Prokurorluğunun internet informasiya ehtiyatlarına, habelə “Elektron prokurorluq” informasiya sisteminə maliyyə yardımının ayrılmasına;

Maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi-texniki potensialın artırılması istiqamətində digər xərclərə.

Vəsaitin 50 faizi işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına və bütün işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə ayrılır.

Verilən mükafatların məbləğini işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq Azərbaycan Respublikasının Baş prokuroru müəyyən edir.

Mükafat və əlavələrə ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı müvafiq olaraq Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tutulur.

Gununsesi. info