Bu vəsaitləri 1987-2010-cu illər ərzində bizneslə qazanmışam - CAVANŞİR FEYZİYEV ONU İTTİHAM EDƏNLƏRƏ CAVAB VERDİ

  • By admin
  • 05 Fevral 2022 20:41

Milli Məclisin deputatı Cavanşir Feyziyev London Məhkəməsinin qərarıyla bağlı açılmış ictimai müzakirələr və müxalif düşərgədən  barəsində səsləndirilən ittihamlara münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, millət vəkili vaxtilə uğurlu biznesmen olduğunu xatırladıb.

“Keçən həftə London məhkəməsinin qərarı ilə ailə üzvlərimin bank hesablarında olan 15 milyon funt sterlinqin 10 milyonu sərbəst buraxıldı. Bu məbləğin qanuniliyinin London məhkəməsi tərəfindən tanınması ilk növbədə Azərbaycanda biznes mühitinin və qazanılan vəsaitlərin qanuniliyinin və şəffaflığının göstəricisidir.
Bildiyiniz kimi, vaxtilə Beynəlxalq Bankın əməliyyatlarında baş vermiş qanunsuz hallar Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb və orada cinayət əməlinin törədilməsi sübut olunub. Buna görə də qalan 5 milyon məbləğin vaxtilə məhz Beynəlxalq Bank vasitəsilə köçürülməsi həmin məbləğin müsadirə olunması ilə nəticələndi. Bunun qarşısını almaq mənim iradəmdən kənarda idi“.

Cavanşir Feyziyev deyib ki, Britaniya məhkəməsinin qərarında da, Britaniya mətbuatında da özünün  və ailə üzvlərinin hər hansı qeyri-qanuni hərəkətə yol vermədiyi ayrıca qeyd olunub:

“Azərbaycan mətbuatında isə bütün bunlar təhrif olunmuş şəkildə təqdim edildi.
Ailə üzvlərimin hesablarındakı vəsaitlərin mənbəyi nədir?
Bu vəsaitlər 1987-2010-cu illər ərzində mənim təsis etdiyim, həmtəsisçisi və ya direktoru olduğum şirkətlərdən qazanılıb. Həmin şirkətlər ölkənin iri vergi ödəyiciləri olub və büdcəyə öz layiqli töhfələrini veriblər. Bu şirkətlərdə ölkənin bütün bölgələrindən minlərlə vətəndaşımız çalışıb, özünün və ailəsinin layiqli həyatını təmin edib. Bu şirkətlər dünyanın ən nüfuzlu şirkətləri ilə əməkdaşlıq edib, Azərbaycanın yeni yaranmaqda olan biznes mühitinə müasir davranış qaydaları və iş üslubu gətirib. Gördüyüm bütün işlərlə və birgə çalışdığım bütün insanlarla həmişə fəxr etmişəm və bu gün də onların hamısını hörmətlə xatırlayıram.
Mən orta maddi səviyyəli müəllimlər ailəsində böyümüşəm, ancaq zəngin olmadığımız üçün heç vaxt heç kimi günahkar hesab etməmişəm. Qarşıma qoyduğum məqsədlərə sadəcə düzlüklə, vicdanla və əzmkarlıqla işləyərək çatmışam. Heç kimdə günah axtarmadan, heç kimi suçlamadan.
Beləliklə, sözügedən vəsaitlər mənim 20 ildən çox müddətdə özəl biznes sahəsində əldə etdiyim şəxsi qazancımdır, mənə və ailəmə məxsusdur. Mənim bu vəsaitləri istənilən ölkədə istənilən biznesə sərmayə olaraq yatırmaq hüququm var.
Orta savadı olan adam üçün burada başa düşülməyəcək bir şey yoxdur. Amma qaragüruh təmsilçiləri bunu anlamadan və ya anlayaraq qəsdən ünvanıma “korrupsioner”, “xalqın pulunu talayan” və s kimi özlərinə yaraşan nalayiq ifadələr işlədiblər. Bütün bunlara həmişə təmkinlə yanaşmışam. Çünki anlayıram ki, adətən, belə adamlar öz uğursuzluqlarının səbəbini özlərində deyil, məhz onlardan daha uğurlu olanlarda görürlər.

Qazandığım bütün vəsaitlər şəffaf və qanuni yolla əldə edilib, vergiləri ödənilib, şəxsən mənə və ailə üzvlərimə məxsusdur. Buna görə mənim yuxarıda sadaladığım siyasət və məişət dələduzlarına heç bir hesabat vermək məsuliyyətim və fikrim yoxdur. Belə adamların yaydığı qərəzli və saxta xəbərlərə görə narahat olub mənə dəstək mesajları göndərən, telefon açan, narahatlığını bildirən bütün dostlarıma minnətdarlığımı bildirirəm və ən xoş arzularımı çatdırıram”.

 

Nəcəf Cavadsoy

Gununsesi.info