Bu virusdan hər il dünyada 1,45 milyon insan ölür

  • By admin
  • 28 İyul 2016 11:25

hepatit

İyulun 28-i Ümumdünya Hepatit Günü kimi qeyd edilir.

Gununsesi.info xəbər v erir ki, Dünya Səhiyyə Assambleyasının qərarı ilə 2010-cu ildə bu tarix Ümumdünya Hepatit Günü elan edilib. Həmin gün bütün dünya ölkələrində hepatit viruslarına qarşı profilaktik və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, hepatit (A, B, C, D, E) virusları kəskin xroniki xəstəliklər törədərək insanların sağlamlığında ciddi pozuntulara səbəb ola bilər. Hepatit A və E virusları, adətən çirkli qidanın və ya suyun qəbul edilməsi nəticəsində yaranır. Hepatit B, C və D virusu qanla və ya bioloji mayelərlə təmas nəticəsində yoluxur. Hepatitə yoluxmuş insanların çox böyük əksəriyyəti bundan xəbərsiz olur, diaqnozu təyin edilmir və müalicə olunmur. Yalnız hepatitin müxtəlif formaları, onların qarşısının alınması və müalicəsi yolları barədə maarifləndirməni genişləndirməklə minlərlə insan həyatını xilas etmək olar.

Dünyada təxminən 400 milyon nəfər hepatit virusuna yoluxub, lakin bunu hər 20 nəfərdən yalnız biri bilir. Statistikaya görə, hepatitə yoluxanların üçdə birində xərçəng və qaraciyər xəstəlikləri inkişaf edir. Bu səbəbdən isə hər il 1,45 milyon nəfər həlak olur. Yoluxma varlı dövlətlərdə əsasən narkotik istifadəçiləri arasında baş verir. Sanitariya normalarına əməl etməyən tibb müəssisələrində də hepatit virusuna yoluxma halları olur.

DST Ümumdünya Hepatit Günü ilə əlaqədar bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün hepatitin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış davamlı inkişaf məqsədlərinə uyğun olaraq hepatitə yoluxanların sayının 2030-cu ilədək 90 faiz azaldılması əsas hədəf seçilib.

Bu xəstəliyin müayinə və müalicəsi istiqamətlərində Azərbaycanda da mühüm tədbirlər görülür. Bu tədbirlər sırasında səhiyyə naziri Oqtay Şirəliyevin hepatit viruslarına yoluxmuş xəstələrin diaqnozlarının qoyulması, qeydiyyatının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicələrinin təşkilinin təkmilləşdirilməsi məqsədilə əmr imzalayıb. Hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb.

 

Gununsesi.info