“Bu yolda heç bir qüvvə bizə mane ola bilməz” – Komitə sədri

“İşğal altında olan torpaqlarımızın taleyi hər bir azərbaycanlını uzun illər narahat edib, düşündürüb və qəlbini ağrıdıb. Ulu öndərimiz Heydər Əliyevin torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizə, keçirdiyi hisslər hər birimiz üçün unudulmaz məqamdır. Ali Baş Komandan İlham Əliyevin bu sahədə göstərdiyi fəaliyyəti, qətiyyəti və diplomatik gedişləri hər birimizə məlumdur. Düşmən üzərində qazanılan tarixi qələbə bu əzmin, düşünülmüş siyasətin xalqa, vətənə məhəbbətin və birliyin nəticəsidir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Modern.az-a Milli Məclisin Aqrar Siyasət Komitəsi, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Tahir Rzayev söyləyib.

HTML tutorial

Deputat Prezidentin “CNN Türk” televiziyasına müsahibəsinə toxunaraq bildirib ki, cənab İlham Əliyev çıxışında ulu öndərimizin vəsiyyətlərini xatırlatmaqla bu qələbənin möhtəşəmliyini və unudulmazlığını diqqətə çatdırdı:

“Prezident bildirdi ki, atası təkcə Şuşanı deyil, Azərbaycanın hər bir qarışını azad görmək istəyirdi. Dövlətimizi müstəqil, sərhədlərimizi təhlükəsiz, xalqımızı xoşbəxt görmək ulu öndərimizin ən böyük arzusu idi. Azərbaycan prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev öz müsahibəsində qürur və iftixarla bildirdi ki, biz xalq, tarix, gələcək nəsillər qarşısında borcumuzu şərəflə yerinə yetirdik. Bu ifadələr ilk növbədə Ali Baş Komandanın cəsarətini, vətənpərvərliyini, müzəffər ordumuzun şücaətini, xalqımızın birliyini və əyilməzliyini, bizə dost olan dövlətlərin ölkəmizə göstərdiyi dəstəyi əks etdirməklə həm də gələcək uğurlarımızdan xəbər verir. Çünki mübarizə davam edir. Azərbaycan daha böyük qələbələrə irəliləyir. Bu yolda heç bir qüvvə ona mane ola bilməz. Çünki Azərbaycan respublikasının prezidenti yerindədir, onun arzu və istəkləri xalqın xoşbəxt gələcəyinə ünvanlanıb”.

Gununsesi.info