
Həbsdəki zavod rəhbəri: “Bəzi məmurlar mənim kimi iş adamlarını prezidentin gözündən salır”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company” nin sahibi Rasim Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.
Gununsesi.info xəbər verir ki, ittiham aktinda Rasim Məmmədovla bağlı üzə çıxan bir sıra faktlarda saxta şirkətlərin yaradılması, o şirkətlərin hesdabına vəsaitlərin köçürülməsi və nağdlaşdırılıb geri qaytarılması halları üzə çıxıb.
Bu barədə danışan Natiq Həşimov öz ifadəsində bildirib ki, pulları çıxarıb “Azeri Steel 2009” MMC-nin mühasibi Mübariz Səmədova verib.
Natiq Həşimov məhkəmədə ifadə verəndə əvvəl deyib ki, “Azeri Steel 2009” şirkətinə dəmir qırıntıları təhvil verib, buna görə pul alıb. Sonra ondan adına olan şirkətlər haqda soruşanda bildirib ki, pal-paltar gətirib satmaq məqsədilə onları yaratmışdılar. Sonra deyib ki, şirkətlərə dəmirin pulu köçürülürdü, onu çıxarıb “Hacı”ya verirdi. Bir qədər keçəndən sonra bildirib ki, ümumiyyətlə, o şirkətlərin necə yarandığını bilmir: “Bilmirəm kim açıb mənim adıma, ya zəlzələdən, ya vəlvələdən açılıb”.
Cinayət işinin materiallarında iddia olunur ki, Rasim Məmmədov “Azeri Steel 2009” şirkətini yaradıb, onun vasitəsilə “Baku Steel Company”ə ziyan vurub.
Yəni “Baku Steel Company”nin istehsal etdiyi armaturlar bu şirkətə daha ucuz qiymətə satılıb. Bu şirkət isə ucuz aldığı məhsulları daha baha qiymətə satıb.
Daha sonra Rasim Məmmədov özü də çıxış edib. “Baku Steel Company”nin onunla bağlı cinayət işində zərərçəkmiş kimi tanınmasına etiraz edir: “Bu zavodu alan mən, tikən mən, pulumu qoyan mən, tutulan da mənəm. Amma zərərçəkmiş kimi zavodu tanıyırsız? Bu necə olur? Əsl zərərçəkmiş mənəm. Bütün əmlaklarım satılıb, kiminsə borcunu ödəməyə görə, 22 aydır həbsdəyəm. Sanki yatmışam, yuxudayam, kimsə məni oyatmalıdır ki, belə şey ola bilməz. Vaxt gələcək, cənab prezident hər şeyi biləcək. Bir anlıq təsəvvür edin ki, “Chanel” firması Azərbaycana 800 avroya çanta satır, Azərbaycan da onu 1500 avroya satıb. İndi durub kimsə Azərbaycanı ittiham edir ki, niyə belə eləyirsən? Belə şey olar? Bu işdə məndən başqa heç kimə ziyan dəyməyib. 22 aydır valideynlərimi, uşaqlarımı görə bilmirəm. Başa düşə bilmirəm ki, mən yatmışam, yoxsa dəlixanaya düşmüşəm? Bəzi məmurlar mənim kimi biznesmenləri cənab prezidentin gözündən salır. Elə bilirlər kimsə bu vəziyyətdə gətirib Azərbaycana sərmayə qoyacaq? Kimsə öz puluyla zavod alır, tikir, sonra tutub salırlar içəri, deyirlər ki, öz zavoduna ziyan vurmusan. Tutmaq istəyirlərsə, tutsunlar, bunun üçün başqa yollar var – tapança qoysunlar, bomba qoysunlar, yoxsa bu nədi? Heç olmasa, mənim işimdə “Baku Steel Company”ə zərərçəkmiş deməyin, üçüncü tərəf deyin. Mənim beynim qaçmışdı ki, 2010-cu ildən pul qoyum, zavod alım, inkişaf elətdirim türməyə düşmək üçün? İndi zərərçəkmiş kimi burada iştirak edən adamlar mənim düzəltdiyim kabinetlərdə oturur, mənim zavodumdan maaş alır. Kimsə özündə cəsarət tapıb düşünü danışmırsa, o demək deyil ki, mənim danışdığım həqiqət deyil. Sonra da deyirlər, niyə investisiya qoymaq istəmirlər? Cənab prezidentə yalan məlumat verilir. Hərə qoltuğuna bir papka götürüb gedir cənab prezidentin yanına… Mənə deyirlər ki, 500 milyon pul qazanmısan. Birincisi, o qədər qazanmamışam. İkincisi də yaxşı eləmişəm. Mən dövlət məmuru deyiləm ki. Nə vaxtsa bu söhbətlərin üstü açılacaq, məni bura saldıranların özləri gəlib burada oturacaq. Kimisə şərləmək kişi işi deyil…”
Elmar Elnuroğlu
Gununsesi.info