
“2017-ci ilin büdcəsinin Parlamentdə geniş müzakirəsi, komitə iclasları nəzərə alınmasa, cəmi 2 gün ərzində 8 saatlıq müzakirə ilə yekunlaşıb”.
Gununsesi.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.
Onun sözlərinə görə, dünya parlamentlərində büdcə müzakirəsi üçün orta hesabla 40-60 gün intervalında zaman sərf edilir. İqtisadçı hesab edir ki, büdcənin qəbulu ilə bağlı müzakirələrdə dəyişikliklər olmalıdır: “ Birincisi, dövlət büdcəsinin layihəsinin 3 oxunuşda qəbulu məcburi qayda hesab edilməlidir. Birici oxunuşda maliyyə naziri büdcənin ümumi parametrlərini təqdim etməli, müzakirələr bu parametrlər ətrafında olmalıdır.
İkincisi, ikinci oxunuşda aparıcı istiqamətlərin hər biri üzrə büdcə xərcləmələrini həmin sahəyə məsul şəxslər təqdim etməli, xərclərin ən kiçik detallarına qədər izahat verməli, xərcləmələrdən iqtisadiyyatın əldə edəcəyi faydaları kəmiyyət və keyfiyyət göstəriciləri əsasında bəyan etməli, millət vəkillərinin və medianın suallarını cavablandırmalıdırlar. Bu mərhələdə həmçinin maraq qruplarının nümayəndələrinin, millət vəkillərinin və nazirlərin iştirakı ilə canlı debatlar təşkil eddilməlidir”.
R.Ağayevə görə, sonuncu oxunuşda hökumətin bütün təkliflərə münasibəti və son mövqeyi ətrafında müzakirələr aparlılmalı, layihə səsə qoyulmalıdır: “ Əminəm ki, büdcənin ən sürətli müzakirə edildiyi parlamentlərin reytinqi tərtib olunsa, bizin qanunverici orqan şəksiz və şəriksiz lider statusu qazana bilər”.
Vüsalə Rüstəmova
Gununsesi.info