2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4 milyard 562,9 milyon manat, xərcləri isə 4 milyard 408 milyon manat olub.
Gununsesi.info bunu Maliyyə Nazirliyinin bu ilin birinci rübündə dövlət büdcəsinin icrasına dair məlumata isitnadən xəbər verir.
Məlumata görə, yanvar-mart aylarında 155 milyon manatlıq dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Büdcənin gəlirlərinə gəlincə, 2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxilində proqnoza qarşı icrada 134,4 mln. manat və ya 3 faiz artıqlıq olub.
Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1 milyard 436,5 milyon manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 15,8 milyon manat manat və ya 1,1 faiz çoxdur.
Həmin vəsaitin 67,5 faizi və yaxud 969,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2018-ci ilin birinci rübündə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 726,9 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz və yaxud 155,8 mln. manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 79,3 mln. manat təşkil edib.
Sair daxilolmalar üzrə büdcəyə 21,2 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71,0 faiz və yaxud 8,8 mln. manat çoxdur.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 2 milyard 300 milyon manat vəsait transfert edilib.
2018-ci ilin birnici rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 108,8 faiz icra olunub.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 40 faizi və ya 1761,3 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz və ya 125,6 mln. manat çoxdur.
2018-ci ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 2,3 milyard manatı və ya 52,2 faizi cari xərclərə, 1,627 milyard manatı və ya 37 faizi əsaslı xərclərə, 481,7 milyon manatı və ya 11 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Cari ilin birinci rübündə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 168,9 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 655,6 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 21,2 mln. manat vəsait yönəldilib.
2018-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
İcmal büdcəyə gəlincə, cari ilin birinci rübündə gəlirləri 7,062milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,412 milyard manat və ya 25 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 4 milyard 757 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard manat və ya 29,5 faiz azdır.
İcmal büdcədə 2 milyard 304,6 milyon manat artıqlıq (profisit) yaranıb.
Vüsalə
Gununsesi.info