
Avropa Şurası Parlament Assambleyası bugün keçiriləcək sessiyasında Azərbaycanla bağlı müzakirə aparacaq.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə qurumun payız sessiyasının ilk iclasında qərar qəbul olunub.
Bildirilir ki, Assambleya “Azərbaycanda insan hüquqlarının, qanunun aliliyinin və demokratiyanın vəziyyətinin pisləşməsi” mövzusunda cari məsələlər müzakirəsinin keçirilməsinə qərar verib. 81 səs lehinə, 31 əleyhinə, 5 bitərəf olmaqla qərar qəbul olunub.
Müzakirə oktyabrın 1-də günorta sessiyasında baş tutacaq.
YAP-dan olan deputat Məlahət İbrahimqızı Gununsesi.info-ya açıqlamasında deyib ki, AŞ PA -dakı bəzi qüvvələr bu yolla Azərbaycanla bu təşkilat arasında gələcək münasibətlərin normallaşmasında maraqlı olmadıqlarını nümayiş etdirir: ”Sanki 46 ölkənin üzv olduğu bu təşkilat bir neçə dövlətin əlində alətdir. Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz qərarı aradan qaldırmaq əvəzinə indi bizimlə bağlı müzakirə açırlar. Halbuki, o ölkələr kimi biz də Avropa Şurasının tam hüquqlu üzvüyük. Bizim iştirakımız olmadan, bizi dinləmədən ölkəmiz haqqında müzakirə yolverilməzdir”.
Afət Abbasova
Gununsesi.info