
Fevralın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Gununsesi.info-nun xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərdən ikisinin vəkili məhkəmədə iştirak etmədiyinə görə, proses təxirə salınıb.
Hazırlıq prosesi fevralın 20-də davam edəcək.
Qeyd edək ki, cinayət hadisəsi ötən il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev və digər şəxslər tutulub.
Xatırladaq ki, faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Gülnaz Qənbərli
Gununsesi.info









