Bülbülədə məsciddə qətl törədən şəxsə ittiham aktı elan edilib

Bakının Bülbülə qəsəbəsində məsciddə qəsəbə sakinini qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Gununsesi.info-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə ittiham aktını elan edib.

Elvin Məmmədov ittiham üzrə özünü təqsirli bilməyib.

Elvin Məmmədova sərbəst ifadə üçün söz verilib:

“Mən cinayəti törədəndə mərhum yatmış vəziyyətdə olmayıb. Hadisədən bir müddət əvvəl təxminən 10 nəfər tərəfindən döyülmüşəm, onların arasında Nadir Səfərov da olub. Məni qeyrətsiz adlandırıblar. Yaşadığım kənddə heç kimin ailəsinə, qızına-gəlininə sataşmamışam. Dəfələrlə davam edən bu hallar məndə qıcıq yaradıb.

İyulun 26-da Nadiri tapmaq məqsədilə məscidə getdim. Bıçağı oradakı otaqlardan birindən görürdüm. Namaz otağında Nadiri yatmış vəziyyətdə gördüm və oyadaraq, ayağa qalxmasını tələb etdim. Başımda problem olduğundan, özümdə deyildim. Bundan sonra əlbəyaxa olduq. Mənə qarşı etdikləri hərəkətlərinə görə Nadirə bıçaqla çox sayda zərbə endirdim. Təxminən 10 zərbə endirmişəm. Amma istintaqda mənə dedilər 30-dan çox xəsarət yetirmişəm”.

Növbəti proses fevralın12-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyulun 26-da səhər saat 5 radələrində Bülbülə qəsəbəsində, İmamzadə məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə Suraxanı Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, Elvin Məmmədov namaz otağında, yatmış vəziyyətdə olan Nadir Səfərova bıçaqla 38 dəfə zərbə vuraraq, onu qətlə yetirib. Həmin gün Elvin Məmmədov 31-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Suraxanı Rayon Prokurorluğu tərəfindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə yekun ittiham verilib.(Oxu.Az)

Gununsesi.info