“Bundan sonrası sizlərə çox ağır olacaq!” – Fazil Mustafadan SƏRT MESAJ

“Səhhətimdə xeyli irəliləyiş var, bir neçə günə xəstəxanadan çıxıb müalicəmi evdə aparacağam”.

Gununsesi.info bildirir ki, bunu evinin önündə güllələnən deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, hazırda fiziki imkanları namaz və oruca yol vermir:

“Ümid edirəm ki, bunu da uyğun şərtlərdə bərpa edəcəyəm. Bugün bazarertəsi köməkçilərimə tapşırıq verdim ki, hər həftə oluğu kimi Bakıxanov qəsəbəsindəki ofisimdə seçiciləri qəbul etsinlər və tədbir görmək üçün müraciətlərini mənə çatdırsınlar. Artıq gələn həftədən başlaraq evdən seçicilərin onlayn qəbulunu da keçirməyi nəzərdə tuturam. Şəraitə uyğunlaşmaq lazımdır. Solaxay olmağım bu məqamda işimə yaradı. Fürsət tapdıqca yeni kitabım üzərində xeyli işlədim. Təəssüf ki, yayda Berlində keçiriləcək Ümumdünya Xüsusi Olimpiya oyunlarında iştirakımı təxirə salmalı oldum. Azərbaycan Xüsusi Olimpiya komitəsinin prezidenti olaraq komandamızın uğur qazanacağına inanıram, ruhən onlarla birlikdə olacağam”.

Millət vəkili milli düşmənlərimizə də səslənib:

“Bilsinlər ki, mübarizə bu gün də var, sabah da – mən də onun ən ön sıralarında! Canımızda azacıq ölüm qorxusu vardı, şükür ki, onu da yoxa çıxardınız. Bundan sonrası sizlərə çox ağır olacaq!  Bu mübarizədə fədakarcasına borcunu yerinə yetirən qardaş-bacılarımızın həmişəkindən daha güclü əzmlə yanındayam!”.

 

Şəbnəm

Gununsesi.info