
Yasamalda 2 əkiz qardaş var. Maşın yuma (təmizləmə) işinə baxırlar. Bəzən avtomobilim çırk içində üzsə belə, onları tapmasam eləcə sürərəm, amma başqasına etibar etmərəm. Çünki həqiqətən çox təmizkardırlar, işlərinə ürəklə yanaşırlar….
Bu iki qardaş, özlərinə ev də alıb, çox bahalı maşınlar da. Hələ analarına, bacılarına da baxırlar, yardım edirlər.
Oların bu qədər ruzili olmasının səbəbləri var.
….Əvvəlcə işlərinə 1 qaraj kirayələməklə başlayıblar. Daha sonra isə obyektlərin, işçilərin sayı artıb.
Demək, dünən maşını aparmışam təmizliyə. 4 nəfər işçi canla-başla girişiblər onu yumağa. Gördüm, budur, həmin qardaşlardan biri (moyka”nın sahibi) gəldi. Son model bahalı “Lexus”dan düşüb, dərhal “sapoq”larını geyinib qoşuldu bunlara. Hətta həmin aralıq kənardan kimsə: “qaqa, qoy işçilərin yusun da, əlini niyə bulayırsan, sən müdirsən e…”-atmacasını atdı. Adam isə gülümsəyərək + qamətini azacıq da pozmadan qayıtdı:
“Mən bundan sonra milyarder belə olsam bu sənətə borcluyam. Üstəlik, işimdən zövq alıram. Sevirəm maşın yumağı, çox sevirəm”.
Həqiqətən, kənardan tamaşa elədim. Diskləri, təkərləri, işıqları, şüşələri elə zövqlə, elə həvəslə, elə sevgi ilə silirdi ki. Hə…, o artıq müdir idi, işləməyə bilərdi, Amma işləyirdi. Üstəlik, qəribə ləzzətlə işləyirdi.
***
Sənətiniz nə olursa olsun – sevin onu, əzizlərim.
İnanın, sevgi olan yerə ruzi də, bərəkət də, pul da öz ayağı ilə gəlir…
Vacib deyil, uctantutma hüquqşunas, iqtisadçı, həkim olasız…
Bənna olun, saatsaz olun, “motorist” olun, qaynaqçı olun, amma lütfən, sevin sənətinizi. Durmadan, fasiləsiz sevin.
Bütün gözəlliklərin sütunu, təməli, qayəsi sevgidir…
Elşən Musayev,
Millət vəkili
Gununsesi.info