“Bütün keçmiş məcburi köçkünlərin qayıdışı üçün əlimizdən gələni edirik” -Prezident

“Bu gün bizim rəsmi tədbirimiz Cəbrayıl şəhərində keçirildi. Əslində Cəbrayıl şəhəri yoxdur. Burada oturduğumuz yerdə binalar olub, insanlar yaşayıb, həyat qaynayıb. Amma işğal dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerləbir etmişlər”.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib.

HTML tutorial

“Cəbrayıl şəhərindən bu dağılmış binalar qaldı və bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Görün onlarda Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar. Qayıtmağa yer olmasın. Ancaq biz qayıtmışıq, qan tökərək qayıtmışıq, savaşaraq, döyüşərək qayıtmışıq və bu gün artıq həyat bu bölgəyə qayıdıb, biz bunu Ağalı kəndinin timsalında görürük”, – deyə dövlət başçısı qeyd edib.

Dünən Ağalı kəndinə, oradakı məktəbə getdiyini bildirən Azərbaycan Prezidenti deyib ki, məktəbdə oxuyan 70 uşağın heç biri buranı görməyib:

“Hətta onların valideynlərinin də bir çoxu işğal dövründə doğulub, bir çoxları işğal baş verəndə özləri uşaq idi. Amma onlar qayıdıblar. Çünki torpaq çəkir, Vətən çəkir və hamımız qayıdacağıq. Bütün keçmiş məcburi köçkünlər qayıdacaq və biz onların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu quruculuq-bərpa işlərində türkiyəli qardaşlarımız bizimlə bir yerdədir”.

Gununsesi.info