“Bu gün Azərbaycanda bütün sahələrdə islahatlar davam etdirilir. Məhkəmə-hüquq sahəsində yeniliyin yaradılması üçün müvafiq Fərman imzalanıb”.
Gununsesi.org-un xəbərinə görə, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev deyib.
O bildirib ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanda əsas istiqamətlərdən biri məhz sahibkarlığın inkişafına şərait yaratmaqdır: “Son dövrlərdə həyata keçirilən islahatlar bunu deməyə əsas verir ki, məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var. Həmçinin Fərmanın əsas məqsədi ədalət mühakiməsinin effektivliyinin təmin edilməsi, ədalət mühakiməsinə əlçatımlığın təmin edilməsidir, məhkəmələrin nüfuzunun artırılmasıdır”.
Onun sözlərinə görə, Fərmanda hər bir sahə üzrə konkret tapşırıqlar müəyyən olunub: “Həm cinayət mühakiməsi icraatı istiqamətində qanunvericiliyin humanistləşdirilməsinin davam etdirilməsi, həm də prokurorluq və vəkilliklə bağlı konkret tapşırıqlar müəyyən olunub”.