
Beynəlxalq Valyuta Fondu Rusiya ilə planlaşdırılan məsləhətləşmə missiyasını texniki problemlərə görə qeyri-müəyyən müddətə təxirə salıb.
Gununsesi.info xəbər verir ki, bu barədə BVF-nin Rusiya üzrə icraçı direktoru Aleksey Mojin bildirib.
Mojinin sözlərinə görə, fondun rəhbərliyi Rusiya tərəfinə və Direktorlar Şurasına missiyanın işinin qeyri-müəyyən müddətə təxirə salınacağı barədə məlumat verib: “Missiyanın təxirə salınmasına səbəb kimi missiyanın məsləhətləşmələr aparmaq üçün texniki cəhətdən hazır olmaması göstərilib”.
Mojinin sözlərinə görə, Rusiya tərəfi bilir ki, bir çox Avropa ölkələri “BVF ilə Rusiya arasında əməkdaşlığın bərpasının qəbuledilməzliyi və bu cür məsləhətləşmələrin aparılmasının yolverilməzliyi barədə açıq şəkildə danışıblar.
Bildirilir ki, məsləhətləşmələrə hazırlıq bir ildən çox əvvəl başlanılıb və təşəbbüs fondun əməkdaşları tərəfindən gəlib: “Rusiya tərəfi heç vaxt məsləhətləşmələr istəməyib, lakin BVF Nizamnaməsi üzrə öhdəliklərini yerinə yetirmək üçün fondun missiyasını həmişə qəbul etməyə hazır olduğunu bildirib. Rusiya tərəfi bu hazırlığı bir daha təsdiqləyir”.