Cəbrayılın işğalının 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib

  • By admin
  • 23 Avqust 2017 12:22

15034714416523741151_1000x669

Avqustun 23-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbədə Cəbrayılın işğalının 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi dərin ehtiramla yad edilib, “Şəhidlər” xatirə kompleksinin önünə gül dəstələri düzülüb. Tədbirdə rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov bildirib ki, Cəbrayılın işğalı nəticəsində 68,3 min sakin doğma yurdundan didərgin düşərək respublikanın 53 şəhər və rayonunda məskunlaşıb. Cəbrayılın müdafiəsi zamanı 368 nəfər şəhid, 230 nəfər əlil olub. Altı nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Tədbirdə Prezident İlham Əliyevin məcburi köçkünlərə yüksək diqqət və qayğısından da söhbət açılıb. Biləsuvar rayonu ərazisində 11 müasir tipli qəsəbənin salındığı və bu qəsəbələrdə 20 minə yaxın cəbrayıllının yerləşdiyi diqqətə çatdırılıb.

Çıxışlarda əminliklə vurğulanıb ki, dövlətimizin başçısının yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın artan iqtisadi və hərbi qüdrəti nəticəsində tezliklə ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, uzun illərdir davam edən bu ədalətsizliyə son qoyulacaq. Bildirilib ki, cəbrayıllılar doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Gülnaz Qənbərli

Gununsesi.info