Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılır.
ASC-nin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, təmir işləri Cəfər Xəndan küçəsinin Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən 350 metrlik hissəsində aparılır. Küçənin eni bu hissədə 16 metr təşkil edir.
Hazırda küçənin sözügedən hissəsində yeni yeraltı kommunikasiya xəttinin çəkilişi işləri aparılır. Daha sonra yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınacaq, zəruri olan yerlərdə yeni xətt çəkilərək yağış barmaqlıqları qoyulacaq. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtük ikiqat olmaqla yenisi ilə əvəz olunacaq, mövcud piyada səkiləri isə bərpa ediləcək. Ümumilikdə küçənin sözügedən hissəsində 5 min 500 kvadratmetr sahəyə yeni asfalt-beton örtük döşənəcək, piyada səkilərinin kənarlarına isə 700 poqonmetr yeni səki daşları düzüləcək.
Bundan öncə Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, həmçinin Əhməd Rəcəbli və Şövkət Məmmədova küçələri arasında yerləşən 750 metrlik hisslərində təmir işləri aparılaraq yekunlaşdırılıb. Təmir olunan yollar hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yol-cizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib.
Növbəti mərhələdə küçənin İbrahimpaşa Dadaşov və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsinin təmir edilməsi nəzərdə tutulur.
Gununsesi.info