Cəlilabad rayonunun Hacıməmmədli kəndində yaşayan 1991-ci il təvəllüdlü Leyla Hikmət qızı Heydərovanın itkin düşməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Gununsesi.info xəbər verir ki, Biləsuvar rayonundan gəlin köçən Leyla üç uşaq anasıdır və yaxınlarının sözlərinə görə, o, son dövrlərdə ciddi psixoloji gərginlik keçirirmiş.
Ailənin verdiyi məlumata əsasən, Leyla 24 noyabr tarixində kəndi tərk edib. Həyat yoldaşı və ailə üzvləri qohum toyunda olduğu üçün evdə heç kəsin olmaması Leylanın çıxmasına imkan yaradıb. Hadisədən sonra ailə yerli hüquq-mühafizə orqanlarına müraciət edib.
Leylanın qayınatası gəlininin hazırda Biləsuvar rayonundakı qohumlarının evində olduğunu ehtimal edir.
Həmçinin Leylanın həyat yoldaşı üç uşağını da götürərək Bakıya köçüb və rəsmi boşanma üçün sənədlər hazırlamağa başlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Cənub regional qrupu məlumatına görə, Cəlilabad rayonunun Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Leyla Hikmət qızı Heydərova 24.11.2024-cü il tarixdə yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.
Onun barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin (055) 248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.