Çəmənzəminlinin son məktubunda “Əli və Nino”nun izləri - TARİXİ FAKTLAR

  • By admin
  • 11 İyun 2017 14:49

cemenzeminli_21

Məşhur yazıçımız Yusif Vəzir Çəmənzəminli Sibirə sürgün ediləndən sonra onun Bakıda qalan ailəsi çox əzab-əziyyət çəkib. Onlar məcburiyyət qarşında qalaraq dəfələrlə yaşadıqları evi dəyişməli olublar. Repressiya qurbanlarının ailələri üçün nəzərdə tutulan müvəqqəti yaşayış yerlərindən tutmuş Dərbəndə qədər müxtəlif əraziləri mənzilbəmənzil gəziblər. Nəhayət, 1943-cü ildə Çəmənzəminlinin həyat yoldaşı Bilqeyisin qardaşı Fərhad Acalov Şəkiyə baş aqranom göndərilir. O, daim yardım etdiyi bacısı uşaqlarının qürbətdə tək-tənha yaşamalarına dözməyib onları öz yanına dəvət edir. Ailə 1943-cü ildə çox çətin şəraitdə qatarla Bakıya gəlir.

Bakıda gəldikləri ilk yer isə əlbəttə ki, Bilqeyisin anası Kiçikxanımın yaşadığı ev olur. Çəmənzəminlinin çətin vəziyyətə düşmüş ailəsinin repressiya şəraitində daimi yaşayış yeri olmadığından yazıçının bütün əlyazmalarını, əsərlərini qayınanası Kiçikxanım özünün sandığında gizlədir.

Kiçikxanımın qoruduğu məktubların birində bir məqam diqqəti çəkir ki, bu da “Əli və Nino” əsəri ilə müəyyən qədər bağlı ola bilər. 1941-ci ildə göndərilən bu yazı Yusif Vəzirin öz ailəsinə yazdığı sonuncu məktubudur. O, ailəsinin vəziyyətindən xəbərdar olmadığı üçün məktubu sürgündən əvvəl yaşadığı ünvana göndərib. Məktubu onun qayınanası alır.  Kiçikxanım isə yalnız 2-3 ildən sonra məktubu nəvələrinə çatdıra bilir. Məktubun əvvəlində bunlar qeyd olunub:

“Əziz Bilqeyis, yeganə xiffətim sən və uşaqların xiffətidir. Səbrim tükənib, tale bizi nə vaxt qovuşduracaq? İmkan varsa, yazın və çalışın ki, bağlama göndərməyə icazə versinlər. Əgər icazə verilsə, bu, mənə çox böyük kömək olar, xüsusən papiros barədə….”

Qısa məktubun sonrakı hissəsində Yusif Vəzir ailəsinin sağ-salamat olduğuna sevindiyini və hamıya salam göndərdiyini deyir. Əsas məqam isə ilk baxışdan adi həsrət məktubu kimi görünən bu namənin sonunda öz əksini tapıb. Belə ki, sonda “sizin Əli” imzası verilib. Ümumiyyətlə, Çəmənzəminli öz ailəsinə və yaxınlarına məktubu “Əli” imzası ilə yazırmış.

Yazıçının oğlu Orxan Vəzirov özünün atası ilə bağlı xatirələrində Yusif Vəzir Çəmənzəminlinin bu imza ilə məşhur “Əli və Nino” əsərinə işarə etdiyini bildirib.

 

*Qeyd: Azərbaycan mühacirət ədəbiyyatının parlaq nümunəsi olan “Əli və Nino” romanı barədə ziddiyyətli fikirlər mövcuddur. Bir qrup tədqiqatçılar əsərin XIX əsrin əvvəllərində Almaniyada yazıb-yaratmış yazıçımız Qurban Səidə məxsus olduğunu bildirirlər. Digər fikir qütbündə dayanan alimlərin gəldiyi nəticəyə görə isə əsər Yusif Vəzir Çəmənzəminliyə məxsusdur, sədəcə o, izi itirmək üçün romanı “Qurban Səid” imzası ilə yazıb. Ədəbiyyat tariximizdə bu mövzuda yazılmış müxtəlif monoqrafiyalar mövcuddur.

 

Gununsesi.info