Cəmil Həsənli qondarma rejimin başçısının Putinə məktubundan yazdı

  • By admin
  • 23 Oktyabr 2020 23:08

 

Deməli, bu oyuncaq “Artsax” rejiminin Şuşada “tacqoyma” mərsimi keçirən başçısı Araik Harutunyan bu gün Vladimir Putinə uzun bir məktub yazıb. Məktubdan belə məlum olur ki, Rusiyanı Rusiya edən “Artsax” erməniləri olub və sən demə qos-qoca rus imperiyasının başlıca dayaqları “Artsax” erməniləri imiş. Adam yekə-yekə “Artsax-Rusiya” münasibətlərindən yazır və qeyd edir ki, bir əsrdən çox (XIX əsrdən – XX əsrin 20-ci illərinə qədər) Qarabağ Rusiya imperiyasının tərkibində olub və guya bu dövrdü vaxtı ilə oradan qovulmuş ermənilər öz “vətənlərinə” dönüblər. Marağa erməniləri Qarabağa köçürülmələrinin 150 illiyi ilə bağlı abidə qoymuşdular. Bu isə repatriyasiyadan yazır. Hələ utanıb qızarmadan bu Harutunyan president Putinə yazır ki, “Artsax”ın inzibati və siyasi mərkəzi olan Şuşa şəhəri bütün Cənubi Qafqazın ən mühüm iqtisadi və mədəni mərkəzlərindən biri olub.

Əvvəla Şuşanın, ikincisi isə Qarabağın Rusiya tərkibinə daxil olmasının ermənilərə nə aidiyyəti var? Şuşanın Azərbaycan mədəniyyət mərkəzi olması ilə bağlı hər şey bəllidir. Qarabağın Rusiya vassalığına girməsini özündə ehtivan edən iki təkzibedilməz tarixi sənəd mövcuddur. Bunun birincisi Qarabağ xanlığı ilə Rusiya inperiyası arasında 1805-ci ilin may ayının 14-də imzalanmış Kürəkçay müqaviləsidir, ikincisi “dəli mayor” Lisaneviç tərəfindən qətlə yetrilmiş İbrahim xanın yerinə oğlu Mehduqulu ağanın Qarabaağ hakimi təyin edilməsi haqqında çar I Aleksandrın 1806-cı ilin sentyabr ayının 10-da imzaladığı imperator fərmanıdır. Bu sənədlərin heç birində Qarabağda erməni amili və ya onun siyasi, iqtisadi, social və dini həyatında erməni məliklərinin rolu və təsiri haqqında nəinki bircə kəlmə, heç eyham belə yoxdur.

Şanlı məktubunda Harutunyan Vladimir Putinə “xatırladır” ki, Böyük Vətən müharibəsinin müxtəlif cəbhələrində Dağlıq Qarabağ Muxtar Vilayətindən və tarixi “Artsax”dan olan 90 min erməni vuruşub. Deyəsən Harutunyan müəllim bu rəqəmi “Erməni radiosu”ndan götürüb. Əks təqdirdə bu boyda yalanı necə uydurmaq olar. 1939-cu il əhali sayımına görə DQMV-də toplam 132 800 erməni əhalisi var idi. Bunun da yarıdan bir qədər artığı qadınlar idi. Necə ola bilər ki, böyüklü-kiçikli 65 kişi əhalisi olan DQMV-dən 90 min erməni Böyük Vətən müharibəsi cəbhələərində vuruşsun.

Bütün bu yalan faktları sadalamaqla Harutunyan yalvarıb – yaxarıb Vladimir Putini Azərbaycan ordusunun müzəffər xilaskarlıq yürüşünü dayandarmaq üçün öz nüfuzundan istifadə etməyə, atəşkəsə qatqı verməyə çağırır. Az əvvəl gözləri ayaqlarının altın görmürdü, Şuşada zurnaçıların müşaiyəti ilə tacqoyma keçirir, qondarma parlamentlərin Şuşaya göçürmək haqqında “təntənəli” qərar qəbul edirdilər. İndi Vladimir Putinə minnətətçi düşürlər. Paşinyan Rusiyanı Azərbaycan ərazilərində anti-terror əməliyyatı keçirməyə çağırır, Harutunyanda öz xilasini Putinin mərhəmətində axtarır. Vaxtı ilə Rusiyanın birbaşa iştirakı ilə torpaqları işğal edib qondarma “Artsax respublikası” yaratmışdılar və elə bilirdilər Azərbaycan xalqı bu həqarətlə barışacaq.

Cəmil Həsənli
tarix elmləri doktoru professor