Cənub rayonlarında işıqların sönməsi ilə bağlı - Rəsmi açıqlama

Ölkə ərazisində bir neçə gündür müşahidə olunan qeyri-sabit və qarlı hava şəraiti ilə əlaqədar cənub rayonlarında elektrik enerjisinin verilişində problem yaranıb.  

Bu barədə Gununsesi.info-ya rayon sakinləri müraciət ediblər. Onların sözlərinə görə, hazırda Lənkəranın böyük hissəsində işıq yoxdur. Külək rayonun küçələrində elektrik dirəklərini aşırıb, kəndlərin çoxu 2 sutkadır işıqsız qalıb.

Problemlə əlaqədar “Azərişıq” ASC-yə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, “Azərişıq” ASC cənub rayonlarında baş vermiş qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır: “İki gün ərzində yağan güclü qar ölkə ərazisində, xüsusən cənub rayonları – Cəlilabad, Masallı, Lənkəran və Astaranın elektrik təsərrüfatında böyük fəsadlar yaradıb. Yağan qarın ağırlığı və külək çox sayda ağacların aşaraq xətlərin üzərinə düşməsinə səbəb olub. Elektrik xətlərinin zədələnməsi nəticəsində şəhər mərkəzlərində bəzi küçə və məhəllələr, eləcə də bəzi kəndlər işıqsız qalıb.

 

“Azərişıq” ASC-nin regionlardan əməkdaşları və paytaxtdan ərazilərə göndərilən qəza xidmətinin əməkdaşları ilk gündən iş başındadırlar. Əməkdaşlarımız qəzaların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdirirlər.

Qarın ağırlığına tab gətirməyərək aşmış ağacların müəyyən qurumlar tərəfindən təmizlənməsi əlavə vaxt tələb edir. Buna baxmayaraq qəza xidmətlərimiz qəza baş vermiş ərazilərdə işləri fasiləsiz davam etdirir. Cəlilabad, Masallı, Lənkəran və Astara rayon mərkəzləri elektrik enerjisi ilə təmin olunub. Bəzi dağ kəndlərində  0.4 kV-luq xətlərin bərpası tamamlanmaq üzrədir. Qeyd edilən rayonlarda yaxın saatlarda elektrik enerjisinin verilişi tamamilə bərpa ediləcək”.