KXDR Cənubi Koreya əhalisini təhdid etməyə davam edərsə, Koreya Respublikası Silahlı Qüvvələri hərbi əməliyyatlara əl atacaq.
Gununsesi.info Yonhap xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi KXDR-in yanvarın 6-da artilleriya atəşinə münasibətində bildirib.
“Şimali Koreyanın artilleriya atəşini davam etdirməsi gərginliyin artmasına səbəb olur və Koreya yarımadasında sülhü təhdid edir. Əgər Şimali Koreya düşmənçilik fəaliyyətinin qadağan olunduğu ərazilərdə əhalimizi artilleriya atəşi ilə hədələməkdə davam edərsə, silahlı qüvvələrimiz də lazımi hərbi tədbirləri görəcək”, – komitənin açıqlamasında deyilir.
Qeyd edək ki, Şimali Koreya yanvarın 6-da Sarı dəniz istiqamətində 60-a yaxın artilleriya mərmisi atıb. Bundan əvvəl, yanvarın 5-də komitə KXDR sahil artilleriyasının Sarı dənizdə yerləşən Yonphyondo və Pennyondo adalarına doğru 200-dən çox mərmi atdığını məlumat vermişdi.
Gununsesi.info