

“Cənubi Qafqazda ciddi proseslər gözlənildiyindən Rusiya Qafqazda mövqeyini möhkəmlənidrməyə başlayıb”.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidenti yanında İnsan haqları və vətəndaş cəmiyyətinin inkişafı Şurasının üzvü, “Kavkazskaya politika” portalnın rəhəbri Maksim Şevçenko deyib. Onun sözlərinə görə, Rusiya bu məqsədlə Şimali Qafqazda mövqelərini möhkəmləndirməyə başlayıb: “Moskva təkcə ordunu gücləndirmir, eyni zamanda, arxa cəbhədə mövqelərini etibarlı şəkildə qorumaq və proflaktik tədbirlər görmək məqsədi ilə ciddi kadr dəyişiklikləri edilməyə başlayıb. Bu isə sübut edir ki, Cənubi Qafqazda ciddi proseslər gözlənilir”. M. Şevçenko deyib ki, prezident Vladimir Putin Şimali Qafqaz federal dairəsi üzrə öz səlahiyyətli nümayəndəsi Sergey Melikovun bu vəzidən azad edilməsi və onun yerinə vitse-admiral Oleq Belavençevin təyinatı bunu deməyə əsas verir:
“O. Belavençev bundan öncə RF prezidentinin Krım üzrə səlahiyyətli nümayəndəsi olub. O.Belavençev milliytəcə ləzgi olan Sergey Melikovdan təcrübəli və bacarıqlı olduğu üçün bu vəzifəyə təyinat alıb. Ondan əlavə, yaxın gələcəkdə Qafqazda ciddi hadisələrin vaxtında qarşısını almaq və proflaktik tədbirlər görmək üçün bu təyinat baş verib. Çünki O. Belavençev Krımın Rusiyanın tərkibinə qansız-qadasız qaytarılmasında müstəsna rolu olub və üzərinə düşən missiyanı layiqincə yerinə yetirə bilib. İndi isə Şimali Qafqaz ciddi çağırışlar astanasındadır və Kreml də burada proselərin nəzarətdən çıxmaması üçün əvvəlcədən proflaktik tədbirlər görməklə məşğuldur”.
Nəzərə alsaq ki, bir neçə gün bundan öncə “İŞİD” öz tərfdarlarını Rusiyada cihada başlamağa çağırıb. Bundan əlavə, Rusiya Təhlükəsizlik Xidmətinin rəhbəri, ordu generalı Aleksandr Bortnikov bir müddətn öncə Rusiyanı gözləyə biləcək terror hadisələri ilə bağlı açıqlamasında hazırda Rusiyada 200-dən artıq “canlı bomba”nın olduğunu dilə gətirib. Bu isə ciddi bir mesaj idi. Onu da qeyd edək ki, A. Bortnikov həmin “canlı bomba”ların daimi nəzarətdə olduğunu deyib. Kreml yaxşı anlayır ki, Şimali Qafqazda ciddi proseslərə baş verəcəyi təqdirdə, Cənubi Qafqazda mövqelərini itirə bilər. Kreml ümumiyyətlə, Qafqaz regionunda nəzarəti itirməmək və bölgəni öz təsir dairəsində saxlamaq üçün son dövrlərdə siyasətində kompleks tədbirlər görməyə başlayıb. Kreml bölgədə həm hərbi gücünü artırmaq, həm siyasi, iqtisadi mövqeyini möhkəmlətmək üçün bir sıra planlar həyata keçriməyə başlayıb. Və artıq bu aktivlik açıq formada görünməkdədir. Rusiya Cənubi Qafqazda mövqeyini qoruyub saxlamaq üçün həmçinin bölgədəki münaqişələrdən yararlanmağa çalışır.
Mürtəza
Gununsesi.info