Zəngilan istiqamətində törədilən təxribata cavab olaraq keçirilən “Qisas əməliyyatı”nın nəticələri Ermənistan üçün ağır oldu: bir əsgərimizin yaralanmasına qarşı 4 erməni hərbçi məhv edilib, biri yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, lakin İrəvan üçün maraqlı olan nə qədər itki verməsi yox, baş verənlərdən necə istifadə etməsidir. “Təcrübəyə əsasən, Bakının adekvat addımlarının ağır nəticələrinin olacağını bildikləri halda, təxribata əl atmaları da hədəfin hərbi yox, siyasi olduğunu deməyə əsas verir”, – deyə o əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, bu kontekstdə Ermənistan Xarici İşlər Nazirliyinin açıqlaması diqqət çəkir:
“Rəsmi İrəvan Azərbaycanı “danışıqları pozmaqda”, “sərhəddə eskalasiya yaratmaqda” ittiham edir. Ermənistanın bu iddiaları bölgədə heç nəyi dəyişdirməsə də, Avropa strukturlarında “Qisas əməliyyatı”nı “Azərbaycanın hücumu” olaraq göstərməyə və bundan Bakıya qarşı təzyiq kimi istifadə etməyə cəhd edəcəklər. Məhz buna görə İrəvan məsuliyyətdən yayınmaq üçün Bakının “qisas əməliyyatına” səbəb olan snayper atəşinin onun iradəsindən kənar baş verdiyini deyir.
Zəngilan istiqamətində törədilən təxribatın hədəfləri arasında bu da var. Və Cənubi Qafqazdakı geosiyasi mübarizə fonunda bu təxribatın sonuncu olmayacağı da görünür”.
Gununsesi.info