Cərimələrlə doldurulan büdcə - TƏHLİL

  • By admin
  • 13 Avqust 2020 11:00

 

 

Bu mövzu ilə daha detallı araşdırma aparmağıma bir hadisə vəsilə oldu. Sürücülük vəsiqəmi dəyişmək istədiyim zaman idarə etdiyim avtomobilin üzərində çoxlu cərimələr olduğunu bildirdilər. Avtomobili kəmərlə və əksər hallarda isə aşağı sürətlə idarə etdiyim üçün buna təəcübləndim. Sən demə,icbari sığorta müqaviləsinin vaxtı keçdiyi üçün ilkin olaraq sürücü 45 manat cərimə olunur. Həmin sürücü bu müqaviləni yenələməyənə qədər 20 gündən bir yenidən 45 manat cərimə gəlir. Beləcə sürücü bu qanunun tələbindən ya məlumatsız olduğu və ya vaxtında ödəniş etmədiyi halda bu məbləğlər toplanır. Əgər sürücü online sistemə daxil olub cərimə balını yoxlamayana qədər davam edərsə və ya mobil telefonuna cərimə balları gəlməzsə, (məndə belə olub) bir il ərzində yalnız maddə üzrə illik cərimə məbləği 810 manat cərimə ödəməlidir. Bu minvalla 1,3 mln avtomobil sürücüsündən müxtəlif hüuquqpozma və ya sələnkarlıq zəminində nə qədər vəsaitlər toplandığını hesablamaq çətin deyil. Bir neçə maddə üzrə belə yüksək cərimə məbləğini üst-üstə toplayanda yüz milyon manatlarla cərimələrin toplandığı ortaya çıxır.

Cərimələr isə yalnız avtomobillərin idarəedilməsi ilə bağlı məhdudlaşmır. Koronovirusla bağlı maskadan istifadə, yol hərəkəti zamanı qadağan olunmuş yerlərdən keçmək və s. kimi çoxsaylı cərimə mənbələri var. Azərbaycanda koronovirusla mübarizə inzibati metodlardan daha çox, bəlkə də maliyyə cərimələri hesabına aparıldı. Yüksək maliyyə cərimələri ilə vətəndaşların sağlamlığının qayğısına qalmaq kimi bir sirr pərdəsinin səhnəarxası vacib bir hədəfi də var: cərimələrlə dövlət büdcəsini doldurmaq!

Çoxsaylı dövlətlərin təcrübələri göstərdi ki, pandemiya zamanı dövlətlərin büdcələri ciddi sürətdə boşalıb. Xərcləri artığına və vətəndaşların yükünü dövlətlər öz üzərinə götürdüyü üçün hökumətlər həmin xərclərin yerin doldurmaq üçün mənbələr axtarırlar. Azərbaycanda isə əksi proses baş verdi. Bizdə pandemiyadan dövlət büdcəsi cərimələr hesabına daha çox dolub. Bu da Azərbaycanın analoqsuzluğu seriyasına yazılmalıdır!

Cərimələr proqnozlaşdırıla bilməz!

Gəlin bu cərimələrin axın mənbələrinə diqqə edək. 2020-ci ilin dövlət büdcəsində edilən dəyişikliklər sırasında cərimələrdən daxilolmalar da yer alıb. Belə ki, cərimələr hesabına daxil olan məbləğdən daha çox vəsait yığıldığından artıq toplanmış vəsait xərc istiqmətlərinə yönələcək. Belə ki, dekabr ayında təsdiqlənmiş dövlət büdcəsində cərimələrdən gələcək vəsait 10 mln. manat nəzərdə tutulduğu halda ondan 6,9 mln. manat (cəmi 16,9 mln.) toplanıb. Bu sadəcə vətəndaşlardan alınmış vəsait idi. Amma başqa bir cərimələrdən daxil olmalarda var. Məhkəmə-hüquq orqanlarının istintaqla müəyyənləşmiş qərarları əsasında mülkiyyətin satışından da büdcəyə daxil olan vəsaitlərin həcmi də kiçik deyil. Bu cərimələrdən gələcək vəsait isə 30 mln. manat həcmində proqnozlaşdırılır.

Cənab nazirlər, bir şeyi bilməniz lazım. Dövlət büdcəsinin gəlir mənbəyinin neçə faizinin cərimə və ya maliyyə sanksiyalarından formalaşdıırılması proqnozlaşdırıla bilməz. Çünki, bu proqnoza gələn situativ hal deyil. Biz hansı gün öləcəyimizi və hansı tarixdə xəstələnəcəyimizi öncədən deyə bilərik? Maliyyə cərimələri də belədir. İldə neçə nəfərin və hansı məbləğdə cərimələnməsi sadəcə dövlət büdcəsinin gəlir mənbəyinə əlavə tövhə sayıla bilər. Çünki, cərimələr fiskal hədəf ola bilməz!

Bizim fiskal qurumlar sadəcə yüksək cərimə limiti müəyyənləşdirib, o hədəfə əlçatanlığı təmin etmək üçün məbləğ toplamaq kimi “ymurtadan yun qırxmaq” siyasəti həyata keçirirlər. Sadəcə hüquqpozma halları hansısa səbəbdən artarsa, və büdcəyə gözləndiyindən artıq vəsait olarsa, onu sonradan xərc istiqamətinə yönəltmək olar. Azərbaycan hökuməti cərimə hədəfi və limiti müəyyənləşdirib ona canatımı motivasiya edir. Bu isə səbəb-nəticə uyğunsuzluğudur. Bu bizim siiznlə fiskal siyasətə baxışlarımızda olan növbəti fərqlərdən biridir.

Cərimələr: tənzimləmə vasitəsi, yoxsa gəlir mənbəyi?

Cərimə olunmanın hüququ fəlsəfəsi budur: insan hüquqpozmaya görə cərimə ödəməklə hüququzidd davranışlarını islah edir. Bu cərimə ödənməsi gəlir mənbəyi olduğu üçün edilmir, həm də gəlir mənbəyi olduğu üçün edilir. Demək əsas hüquqi məqsəd insanın artıq pul ödəməklə öz davranışlarını hüquqi ölçüyə uyğunlaşdırılmasıdır.

Digər tərəfdən isə… Cərimələr də dövlət qurumları və ya müfəttişlər niyə bu qədər maraqlı olsun ki?   Sadə səbəbi var: cərimə protokolu tərtib edən müfəttiş (vergi, gömrük, polis) bununla əməkhaqqına əlavə ödəniş imkanı əldə edir. Belə ki, Büdcədənkənar İnkişaf Fondları təsnifatına daxil olan qurumlarda (Vergilər Nazirliyi, Gömrük Komitəsi, DİN) müfəttişlər cəlb olunan cərimələrin 20% həcmində aylıq vəzifə maaşlarına əlavə olunur. Ona görə də cərimə olunanların sayı və onların ödədikləri məbləğin həcmi ildən-ilə, ayda- aya artır. Hətta elə günlər olub ki, cərimələrdən 400, 000 – 1, 000 000 manata yaxın vəsait toplanıb. Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən nəzarət tədbirləri ilə son sutkada (aprelin 5-dən 6-dək olan müddətdə) respublika ərazisində 3800 nəfərə cərimə kəsilib. İnzibati Xətalar Məcəlləsinin tələbinə görə, cərimələnən 100 manatdan başlayaraq 2000 manatadək cərimələniblər. (https://banker.az/bir-sutkada-karantin-rejimi-pozanlardan-380-000-manat-cərimə-toplanib/) Bu zaman nəinki aylıq, hətta gün ərzində milyon manatlarla dövlət büdcəsinə (burası müəmmalıdır) nə qədər vəsait qazana bilməsi aydındır.

Cərimələr hesabına iqtisadiyyat formalaşdırılır. Bunu cərimə iqtisadiyyatı da adlandırmaq olar. Deyəsən, biz daha çox Dubay modelinə yaxınlaşırıq. Bahalı şəhər, böyük “fil” layihələri, gözqamaşdırıcı dekorasiyalar və vətəndaşların cərimələri hesabına bəslənən “cənnət” ölkə…

Son söz

Cəmiyyət həyatını tənzimləyən zaman istifadə olunan alətlərdən biri də maliyyə sanksiyaları hesab olunur. Lakin bu cərimələr maariflənmədən daha çox, fiskal məqsədə xidmət edirsə, demək məqsəd sosial gərginliyi azaltmaq və ya maariflənmə yox, yalnız gəlir əldə etmək imiş. Əslində maliyyə sanksiyaları tətbiq edilən zaman məqsəd heç də gəlir əldə etmək yox, həm də gəlir əldə etmək olmalı idi. XIX əsrdə iqtisad elmində “liberailzmin atası” kimi tanınan Adam Smit “Xalqların sərvəti” əsərində yazırdı: “Təsərrüfat fəaliyyəti azadlığının əsasını yaxşı qanunlar, yüngül vergilər və sülh təşkil edir.”

Hüquq elmi sübut etmişdir ki, yüksək cərimələr və sərt qadağalar cinayətlərin azalmasına yox, əksər hallarda artmasına səbəb olmuşdur. Qadağan olunmuş meyvələri yemək həvəsin də bu problemlərin üzərinə gələndə vəziyyət daha da müəmmalı görünür…

Məhəmməd Talıblı

Turan.az