Milli Məclisin deputatı Azay Quliyev Gununsesi.info-ya açıqlamasında Avropa Şurasının 2023-cü il üçün Həbsxana Əhalisinə dair İllik Cəza Statistikasına (SPACE I) münasibət bildirib.
Qeyd edək ki, bununla bağlı açıqlanan sənəddə Azərbaycan məhbus sayının çox olduğu ölkələr siyahısında yer alıb.
Avropa Şurasının quruma üzv ölkələrdə həbsxanalara yönəlmiş yeni illik cəza statistikası ilə tanış olduğunu deyən Azay Quliyev bu məsələnin Azərbaycan üçün aktual olduğunu vurğulayıb:
“2019-cu ildə cənab prezidentin müvafiq fərmanı olub. Buna əsasən Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni dalğa başlayıb. Bu islahatlar çərçivəsində əsas tapşırıq ondan ibarət idi ki, həbs cəzası qanunvericiliyin imkan verdiyi çərçivədə alternativ cəzalarla əvəzlənsin. Bununla bağlı bir neçə qanunvericilik aktında da dəyişikliklər oldu.
Vergi və və digər iqtisadi xarakyerli cinayətlərə görə azadlıqdan məhrum etmə cəzası bu gün istitsna hallarda tətbiq edilir”.
Azay Quliyev deyir ki, Azərbaycan dövlətinin cəza icra siyasəti humanizm prinsiplərinə uyğunlaşdırıldığından bu sahədə qarşıdakı dövr daha mütərəqqi addmlar atılacaq: “Azərbaycanda məhkəmə-hüquq islahatları davam edir. Əsas hədəflərdən biri də cəza siyasətinin humanistləşdirilməsidir. Əminəm ki, müvafiq qurumlar da bu aktual məsələlərin üzərində işləyəcək. Hesab edirəm ki, məhkəmələr də daha çox alternativ cəzalara maraqlı olmalıdır”.
Deputat, həmçinin, bölgələrdə yeni istifadəyə verilən cəzaçəkmə müəssisələri haqqında da danışıb: “Bilirsiniz ki, Lənkəranda belə bir müəssisə açıldı. Qarşıdakı müddət ərzində Gəncədə də nəzərdə tutulur. Bunlar da həbsxanada məhbus sıxlığının azalmasına xidmət edir. Təbii ki, əfv və amnistiya aktlarının da xüsusi yeri var”.
Günay Mahirqızı
Gununsesi.info