Vəkillik fəaliyyəti qadağan edilən Şəhla Hümbətova özü ilə bağlı açıqlama yayıb.
Gununsesi.org həmin açıqlamanı təqdim edir: “Dostlar, dünən internetdən və telefondan demək olar ki, istifadə edə bilməmişəm, üzrlü sayın. Əvvəla, bəli, xəbər doğrudur və mən bu xəbəri dünən səhər dostlardan eşitmişəm.. Dəstək ifadə edənlərə minnətdaram, çox sağolun, zənglərə cavab vermək imkanım yox idi (Gəncə işi ilə bağlı istintaqda idim, sonra da telefon söndü). Məncə baş verənlərə aydınlıq gətirməyim doğru olar. Barəmdə verilmiş qərar iki əsasa görə olduğu bildirilir- birincisi üzvlük haqqının 6 aydan çox müddət ərzində ödənilməməsi və ikincisi- vətəndaşın şikayəti. Birinci ilə bağlı məsələ ondan ibarətdir ki, mən fevral ayında ikisində 409 manat ödəmişəm və bunun növbəti 7 ay üçün ödədiyimi düşünərək etmişəm, amma məlum olur ki bu ondan əvvəlki aylara gedibmiş. O vaxt Mehmanın işinin pik vaxtı idi və mən hətta düşündüm ki, qabaqcadan yarım ilin pulunu ödəyim ki,rahat olum yoxsa yaddan çıxır qalır. Yoxsa niyə üzvlük haqqı ödəməyim ki, ödənməli olan və həmişə ödədiyimiz puldur. Hətta yadımdadır öz özümə düşünurdum ki, birdə payızda ödəyərəm yarım illik. Baxın, Mehman Hüseynovun işinə görə barəmdə intizam icraatı aparılırdı, mayda başladı və sentyabra qədər davam etdi- mən o qədərmi axmağam ki, o icraat gedə -gedə üzvlük haqqı ödəməyim… Həmin intizam icraatı vaxtı da bu məsələyə toxunulmayıb. Bu aylar ərzində heç vaxt mənə deyilməyib ki ödənişlər etməlisən filan.. Xatırlatmayıblar, mən də rahat oturmuşam öz səhv hesablamamla. 480 manat borc yığılıb, bu 8 ayın puludur, qanunla isə 6 ay ödəniş olmasa fəaliyyətə xitam verilə bilər. Bu da səhlənkarlığımın nəticəsi. İkinci məsələ- burada etiraf etməliyəm ki, mən bu qədər işlərə çıxıram, bu qədər insanlarla işləyirəm və hələ də sadəlövh qalmışam və adam tanımağı öyrənməmişəm. 2018-ci ilin may ayında bir qadın vərəsəlik məsələsi üçün mənə müraciət etdi. Biz razılaşdıq ki, üç min manata işi əvvəldən sonadək aparacağam, istədi və israr etdi ki, vəkilə ödədiyi pulun qarşı tərəfdən alınması iddia tələblərindən biri olsun. dedim ok, bunun üçün siz mənə üş mini hamısını ödəməlisiniz ki, mən də qəbzi məhkəməyə təqdim edim. dedi ok. görüşəndə çıxartdı min manat verdi, qalanını da gətirəcəyəm dedi. Dedim ok, amma mütləq gətirin çünki mən qəbzi verirəm, yalan olmasın. Dedi nə danışırsız əlbəttə, danışmışıq, pulu da gətirəcəyəm, axıra kimi bir yerdəyik. Nə isə iş məhkəməyə getdi, qadın isə pulu gətirmədi. iddia təmin olunmadı.işin üstündən bir ildən çox keçib. unutmuşdum artıq. Həmin qəbzdən gedir söhbət. Mən izahatımda burada yazdığım kimi hər şeyi necə var elə səmimi yazmışam ki, bəli, aldanmışam, qadına inanmışam, çox yaxşı etibarlı münasibətimiz var idi (mən elə düşünürdüm), o isə mənə”atıb”. Pulun hamısını almamış qəbz yazmışam, yəni öz ziyanıma etmişəm bunu, heç kimə ziyan vurmamışam, əksinə qadına guya yaxşılıq etdiyim idi, özümü zibilə salmışam. Razıyam, daha ağıllı, ehtiyatlı olmalı idim, insanlara inanmaq indiki zəmanədə axmaqlıqdır. Ki, onun cəzasıdır indi baş verən. Həmçinin, həmin hadisədən bir il yarım vaxt keçib və qanunla intizam tədbiri yalnız bir il müddətində görülə bilər. Bu da nəzərə alınmayıb. Ümid edirəm və inanıram ki, bunun bir anlaşılmazlıq olduğu nəzərə alınsa barəmdə ədalətli qarar qəbul edilə bilər. Kollegiya sədri Anar Bağırovla görüşə bilməmişəm- qəbula getdim, yox idi, tədbirə getmişdi. Bəli, səhvə yol vermişəm, amma mənim diqqətsizliyim və ehtiyatsızlığımın (və insanlara inamımı itirməməyim, ən azından bu olaya kimi) xitamla nəticələnməsi ədalətsizlik olar- əsasən hal hazırda müdafiəçisi olduğum şəxslərə qarşı. Məncə vəkilliyə xitam verilməsi- yəni ən sərt tədbirin seçilməsi doğru deyil, özüdə bundan əvvəl heç vaxt barəmdə intizam tədbiri olmayıb və inanıram ki, məsələyə mən yazdığım prizmadan baxılsa başqa intizam tədbiri seçilə bilər”.
Gununsesi.org