Milli Məclisdə Cinayət Məcəlləsinə edilmiş son dəyişiklik, yəni 314-4-cü maddənin qəbul edilməsi ölkə Prezidentinin təşəbbüsü ilə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı cinayət qanunvericiliyinə edilmiş mühüm dəyişikliklərlə daban-dabana ziddir.
Yeni maddəyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və istilik enerjisi müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması 2 000 manatdan 4 000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Bu maddədə tikinti obyektləri ifadəsinə aydınlıq gətirilməsinə ehtiyyac vardır. “Şəhərsalma və tikinti Məcəlləsi”nin 3.0.10-cu maddəsinə görə “tikinti obyektləri – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular” hesab olunur.
Həmin Məcəllənin 3.0.12-ci maddəsinə görə qurğu – müəyyən funksional təyinata malik olan və bina sayılmayan sair tikinti obyekti (yollar, körpülər, piyada keçidləri, tunellər, hidrotexniki qurğular, bəndlər, istinad konstruksiyaları, mühəndis-kommunikasiya təminatı sistemləri və sairə) nəzərdə tutulub.
“Şəhərsalma və tikinti Məcəlləsi”nin maddələrinim mənasından göründüyü kimi, burada fərdi yaşayış evlərinin “tikinti obyektləri” və ya “qurğu”ya aid olması müəyyən deyil. Bu da gələcəkdə fərdi yaşayış evləri tikən, lakin hansısa səbəbdən icazə ala bilməyən vətəndaşlarımızı məmurların sui-istifadə halları ilə qarşı-qarşıya qoyacaq. Bu məsələyə aydınlıq gətirilməlidir.
Hesab edirəm ki, Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinə daxil edilmiş yeni 314-4-cü maddəsini Şəhərsalma və tikinti Məcəlləsinin 3.0.10 və 3.0.12-ci maddələri, eləcə də Cinayət Məcəlləsinin 177-ci maddəsi, xüsusilə də 177.2.3-2 maddəsi və eyni zamanda 189-1 maddəsi baxımından və əlaqəli şəkildə şərh etməlidir. Əks halda, bu yeni maddə çoxsaylı sui-istifadə halları üçün geniş “şərait” yarada bilər.
Tikinti fəaliyyəti prosesində yaradılmış bina və ya qurğu dedikdə burada hər hansı bir tikili cinayət qanununun yeni maddəsinə tuş gələ bilər və nəticədə tikintisi üçün icazə ala bilməyən şəxslər tikdikləri binanı, evi və ya qurğunu mühəndis kommunikasiya təmimatı sistemlərinə qoşdura bilməyəcəklər. Yəni əvvəllər bu və ya digər səbəbdən binaların və ya qurğuların tikintisinə icazə ala bilməyən şəxslər artıq tikdikləri binaya və ya qurğuya su, işıq, qaz xətti çəkə bilməyəcəklər və kanalizasiya təminatı sisteminə qoşdura bilməyəcəklər.
Mövcud reallıq və Cinayət Məcəlləsinin digər maddələri tələb edir ki, 314-4-cü maddəyə Cinayət Məcəlləsinin digər maddələri ilə əlaqəli şəkildə və yenidən baxılsın. Belə ki, 314-4-cü maddədə nəzərdə tutulan əməllər əslində oğurluq cinayət əməlini, yəni özgənin əmlakını gizli olaraq talamanı özündə ehtiva edir. Bu əməl də Cinayət Məcəlləsinin 177-ci maddəsində, araşdırdığımız məsələ xüsusunda isə 177.2.3-2-ci maddəsində təsbit edilmişdir. Oxşar məsələ Cinayət Məcəlləsinin 189-1-ci maddəsində də verilmişdir. Bu mənada Cinayət Məcəlləsinin 189-1 və 177.2.3-2-ci maddələri ilə 314-4 maddəsi arasında həm ziddiyyət, həm təkrarçılıq, həm də anlaşılmazlıq vardır. Çünki mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulma əslində oğurluq deməkdir. Yəni bu mənada əslində 314-4 maddəsinin qəbul edilməsinə heç ehtiyyac da yox idi. Çünki hər 3 maddədə söhbət qanunsuz olaraq ictimai əhəmiyyət kəsb edən su, elektrik, qaz, rabitə xətlərinə qanunsuz qoşulmaq və ondan gizli şəkildə istifadə edib, talamaq və talanmasına şərait yaratmaq kimi cinayət əməlindən bəhs edilir.
Bundan başqa, burada ziddiyyət doğuran digər məqam həm də ondan ibarətdir ki, mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulmuş şəxs əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 100 manatdan aşağı ziyan vurubsa, cinayət qanununa görə bu əməl həmin şəxs üçün cinayət məsuliyyəti yaratmır. Belə ki, cinayət məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.
Daha konkret desək, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş əməlin və ya əməllərin, yəni indiki halda işıq,su,qaz və s. ictimai əhəmiyyətli xətlərə qoşulmaqla oğurluq etməyin cinayət əməli hesab olunması üçün dəymiş ziyan 100 manatdan yuxarı olmalıdır. Bu maddələrə nəzərən demək olar ki, mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulmuş şəxs tutaq ki, su və ya qaz və ya elektrik xətlərinin sahibinə 80 manatlıq və ya 99 manatlıq ziyan vurub, yəni 80 və ya 99 manatlıq elektrik enerjisi oğurlayıb. Bu zaman şəxsin bu əməli onun üçün cinayət məsuliyyəti yaratmır.
Lakin məsələyə CM-nin 314-4-cü maddəsi baxımından yanaşsaq, su, işıq, qaz və ya rabitə xətlərinə qanunsuz qoşulması nəticəsində dəymiş ziyan 100 manatdan aşağı olduğu təqdirdə, Cinayət Məcəlləsinin 314-4 maddəsində qeyd edilmiş vəzifəli şəxslər qanunsuz qoşulmaya görə cinayət məsuliyyətinə cəlb edilirlər. Birinci halda əməl cinayət tərkibi yaratmır, ikinci halda isə eyni əməl cinayət tərkibi yaradır. Bu da cinayət qanununa görə ziddiyyət təşkil edir. Çox qarışıq bir vəziyyət yaranır: mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulub 100 manatdan aşağı məbləğdə ziyan vurduğuna görə şəxs cinayət məsuliyyətinə cəlb edilmir, lakin həmin şəxsə kömək edib onu həmin şəbəkəyə qoşduran vəzifəli şəxs və ya səlahiyyətli nümayəndə isə 100 manat məbləğindən aşağı dəymiş ziyana görə cinayət məsuliyyətinə cəlb edilir.
Digər tərəfdən kim müəyyən edə bilər ki, vətəndaş mühəndis-kommunikasiya xətlərinə öz binasını, yəni tikinti obyektini özü qoşulub, yoxsa onun binasını və ya qurğusunu işıq və ya su idarəsinin vəzifəli şəxsi qoşub?
Buradan belə bir nəticəyə gəlmək olar ki, Cinayət Məcəlləsinə daxil edilmiş yeni 314-4-cü maddəsində həmin Məcəllənin 177.2.3-2 və 189-1-ci maddələri baxımından həm təkrarçılıq, həm ziddiyyət, həm də qarışıqlıq var. Yəni kommunikasiya xətlərinə qanunsuz olaraq yenicə qoşulmuş və bu zaman 100 manatdan aşağı miqdarda ziyan vurmuş və ya oğurluq etmiş şəxsə görə vəzifəli şəxsi CM-nin 314-4-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmək Cinayət Qanununun digər maddələri ilə ziddiyyət təşkil edir. Yəni bu da hüquqi müəyyənlik prinsipinə ziddir. Yaxşı olardı ki, bu məsələyə maraqlı dövlət qurumları münasibətlərini bildirsinlər. Belə olan halda mühəndis-kommunikasiya xətlərinə qoşulmaqla 100 manatdan aşağı ziyan vurulduğu təqdirdə, cinayət məsuliyyətinin yaranmaması prinsipi vəzifəli şəxslərə də şamil edilməlidir.Yəni vəzifəli şəxslərə münasibətdə burada fərqli hüquqi münasibət sərgiləmək doğru olmazdı.
Başqa bir sual budur ki, 177.2.3-2 və 189-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini 314-4-cü maddəsində göstərildiyi kimi, təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsi və ya vəzifəli şəxsi də törədə bilər. Bu zaman həmin vəzifəli şəxs və ya səlahiyyətli nümayəndə hansı maddəyə görə ittiham olunmalıdır?
Növbəti problem budur ki, Cinayət Məcəlləsinin 189-1 maddəsində qanunsuz qoşulmanın anlayışı verilmədiyi halda, həmin Məcəllənin 314-4-cü maddəsinə görə mühəndis-kommunikasiya sistemlərinə qanunsuz qoşulma tikilinin və ya qurğunun tikintisi üçün icazə sənədinin olmadığına görə müəyyən edilir. Yaxşı olardı ki, CM-nin 189-1 maddəsindəki qanunsuz qoşulma anlayışının tərifi verilsin.
CM-nin 189-1.1 maddəsində təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların xeyli miqdarda ziyan vurulmaqla talanması, yəni oğurlanması göstərilmişdir. Eyni ilə CM-nin 177-ci maddəsində neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə xeyli ziyan vurmaqla cinayət əməli törədilməsinə görə daha ağır cəza verilməsi nəzərdə tutulmuşdur. Hər iki maddədə xeyli miqdar 5000 manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Lakin 314-4-cü maddədə vurulacaq ziyanın məbləği və bu məbləğə görə yaranacaq məsuliyyət müəyyən edilməmişdir.
Digər bir problem budur ki, CM-nin 189-1.3 və 189-1.4-cü maddələrinə görə su, işıq, qaz, rabitə xidmətləri sahəsində çalışan əməkdaşı işinə vicdansız və ya laqeyd münasibət nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən baş vermiş hər hansı oğurluğa və ya talamaya görə asanlıqla cinayət məsuliyyətinə cəlb etmək olar. Bu da insan hüquqlarının pozulması üçün şərait yarada bilər. Çünki su, işıq, qaz, rabitə kimi mühəndis-kommunikasiya təminatı sisteminə qanunsuz olaraq qoşulmuş şəxsin əməlinə görə həmin mühəndis-kommunikasiya təminatı sisteminin səlahiyyətli nümayəndəsinin vicdansız və ya laqeyd münasibətinin sərhəddini müəyyən etmək heç də asan məsələ deyil. Bu məsələdə Prezidentinin təşəbbüsü ilə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı cinayət qanunvericiliyinə edilmiş mühüm dəyişiklikləri və bu yöndə aparılan dövlət siyasətini unutmaq olmaz.

Rahim Axundov
müstəqil ekspert












