
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə fasilədən sonra davam etdirilib.
Gununsesi.info-nun məhkəmədəki əməkdaşının verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Cahangir Hacıyev ifadə verib. O, ilk öncə saxlanma şəraitindən narazılıq edib, istintaq təcridxanasında ona qida məhsullarını saxlamaq üçün soyuducu verilmədiyini deyib: “Məni ümumiyyətlə, artıq məhkum olunmuş şəxslərin saxlanıldığı korpusa köçürüblər. Əvvəlki korpusda gündə iki dəfə su verilirdi. Burada bir gündə cəmi 4 dəqiqə su verilir. Soyuducu yoxdur. Təsəvvür edin, həftədə bir dəfə yemək qəbul edirlər. Əgər soyuducu yoxdursa, bu o deməkdir ki, bir gün yeyib, 6 gün ac qalmalısan. 45 dərəcə istidə belə şəraitdə saxlanmaq nə deməkdir? Allah heç kimə qismət eləməsin. Ancaq yaddan çıxarmayın ki, hamının başına gələ bilər. Dustağın bir günlük yeməyinə 18 manat 50 qəpik pul ayrılır. Amma heç 50 qəpiklik yemək də vermirlər. Bu cür vasitələrlə mənə işgəncə vermək nəyə lazımdır? Onu da bilsinlər ki, buna göstəriş verənlər heç nəyə nail olmayacaqlar. Mən həmişə istəmişəm ki, istintaq baş prokurorluq tərəfindən aparılsın. Çünki oranın məsuliyyətli işçiləri var. İttihamda göstərilir ki, 211 milyon ziyan vurulub. Amma nə qədər hesablasan belə, bu rəqəm alınmır. Mənim və yaxınlarımın 5 milyona yaxın səhmləri alqı-satqı olunub, amma əldə olunan vəsait kreditlərin ödənilməsinə yönəlməyib. Mən istintaqda bildirmişəm ki, fiziki şəxslərin adına olan kreditlər layihələrə yönəlib. Mən yazılan və yazılmayan qanunları gözəl bilirəm və onların heç birini pozmamışam. Bu qərəz 2008-ci ildən başlayıb. Beynəlxalq maliyyə böhranı baş verəndə bütün dövlətlərin maliyyə nazirlikləri, mərkəzi bankları kapitalın möhkəmləndirilməsi istiqamətində işlər görməyə başladılar, bircə bizdən başqa. 2013-cü ilə qədər dövlətdən banka heç bir vəsait gəlmədi. Əksinə, biz Maliyyə Nazirliyi tərəfindən təzyiqlərə məruz qaldıq. Biz ölkə rəhbərliyinə, baş nazirə məktublar yazırdıq ki, “bir sıra layihələr kağız üzərində qalır, dövlətin vəsaiti mənimsənilir. Mən eşidirəm, bilirəm ki, adamlar Elman Rüstəmov haqqında pis-pis sözlər deyirlər, internetdə yazırlar, hesab edirlər ki, devalvasiyanın səbəbkarı odur. Amma inanın, onun devalvasiyaya aidiyyəti yoxdur. O, bunun əleyhinə idi. Elə mən də, Vahid Axundov da əleyhinə idik. Bir gecənin içində 34 faizlik devalvasiyanın tək müəllifi Samir Şərifovdur. Beynəlxalq Bankın sədri işlədiyim dövrdə həmişə bankın reytinqi ölkənin reytinqindən 2 dəfə yüksək olub. Təsəvvür edin, Samir Şərifov “Moody’s”in nümayəndələri ilə görüşdə deyirmiş ki, “niyə onların reytinqini artırırsız?” Mən dəfələrlə demişəm ki, “bu adamın fəaliyyətini araşdırmaq lazımdır, bilək ki, o, niyə ölkəyə düşmən kəsilib? Təminatsız kredit verilməsinə qadağa yoxdur. Bütün banklar bunu verirlər. Götürülmüş vəsait də bizim ailə xərclərimizə getməyib. Həmin xərclər səhmlərin alınmasına – kapitala yönəldilib. Bundan həm də bank qazanıb”.
2015-ci il fevralın 21-də verilmiş 34 faizlik devalvasiya qərarı Beynəlxalq Banka da zərbə vurub və bunda maliyyə naziri Samir Şərifov günahkardır. Devalvasiya olmalı idi, ancaq bu şəkildə yox, tədricən. Əvvəlcə bank sistemində kapital artırılmalı, möhkəmləndirilməli, sonra tədricən baş verməli idi. Beynəlxalq Banka da əvvəlcədən heç bir xəbər vermədən bu addımı atdılar. Bu qərara görə bir gecədə 130 milyon kapital itirdik. Oradakı menecmentlərin sayəsində bank aktivlərin dəyişməsindən 7-9 milyon ziyanla çıxdı. Əgər onların səyi olmasaydı, ziyan 150 milyon olacaqdı. Hamı bilsin ki, bunun günahkarı Samir Şərifovdur. Mən elə belə demirdim ki, “o adam burada oturmalıdır”. İnanıram ki, bir gün oturacaq da… Müşahidə Şurasının qərarlarını icra etmədim, doğrudur. Düz edib icra eləməmişəm. Çünki Müşahidə Şurasının qərarları qanuna zidd idi. Mən Samir Şərifovun qərarlarını icra etməli idim, yoxsa Milli Məclisin qəbul etdiyi qanunları? Yəni mən ya qanunu seçməliydim, ya da hansısa məmurun istəyini yerinə yetirməliydim. Müşahidə Şurasının qərarları hüquqi baxımdan qanuna zidd olmaqla yanaşı, həm də bankın fəaliyyətini dayandırmağa yönəlmişdi. Yazıblar ki, guya, biz mütəşəkkil dəstə yaratmışıq. Biz “Əl-Qaidə”yik, ya Ben Ladenik? Bir daha deyirəm, pul bizim cibimizə getməyib, layihələrdədi. Sadəcə, istintaq aparılmayıb, dediyim məsələlərin arxasınca heç kim getməyib”.
Daha sonra C. Hacıyev prokuror və vəkillərin suallarını cavablandırıb.
Proses avqustun 26-da davam edəcək.
Gülnaz Qənbərli
Gununsesi.info













