Hazırda həbsdə olan “Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin səhhətində problem yaranıb.
Bu barədə Gununsesi.info-ya sabiq bankirin yaxınları bildirib.
Onların sözlərinə görə, bir neçə ildir ki, həbsxana həyatı yaşayan Cahangir Hacıyevin səhhətində bir sıra fəsadlar yaranıb.
Yaxınları deyib ki, Hacıyev insanlarda istisna hallarda rast gəlinən qalxanabənzər vəzinin xəstəliyindən (Haşimoto sindromu) əziyyət çəkir.
O, uzun illərdir ki, bu xəstəlikdən müxtəlif ölkələrdə müalicə alıb. Bu xəstəlik xroniki xəstəlikdir və müalicəsi mövcud deyil. Bu xəstəlik xroniki xəstəlik olduğundan onun fəsadının nə zaman, hansı şəraitdə meydana gələcəyini bilmək mümkün deyil.
C. Hacıyevin təzyiqi tez-tez düşür, başgicəllənməsi baş verir, ürək döyüntüləri artır, oksigen çatışmazlığı yaranır. O, hazırda Azərbaycanda ən çətin və pis şəraiti olan Cəzaçəkmə müəssisəsində (13 saylı) saxlanılır. Burada onun lazımi qaydada müalicə və müayinə olunması mümkün deyil. Bir neçə dəfə C. Hacıyevin qəfildən təzyiqi qalxıb, səhhətində ağırlaşmalar baş verib.
Hacıyev saxlanıldığı müəssisədə effektiv tibbi yardım ala bilmir, onun bu xəstəlikdən tam müalicəsi mümkün deyil, onun səhhətinin normal qaydada saxlanılması üçün mütəmadi olaraq həkim nəzarətində olmalı, lazımi analiz və USM müayinəsindən keçməlidir. Buna uyğun olaraq müvafiq müalicə və müayinə strategiyası seçilməklə, həkim nəzarətində saxlanılmalıdır.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyevə 16 il 6 ay həbs cəzası təyin edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldıb.
Cahangir Hacıyev Azərbaycanın ən dözülməz şəraiti olan 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
Elmar
Gununsesi.info