Ötən ilin sonlarında Elm və Təhsil Nazirliyi ilə Böyük Britaniyanın nüfuzlu “Cambridge University Press” nəşriyyatı arasında əldə edilən razılaşma Azərbaycan alimləri üçün beynəlxalq elmi nəşrlərə çıxış baxımından yeni imkanlar yaradıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.
Bildirilib ki, razılaşmaya əsasən, ölkənin elm və ali təhsil müəssisələrində çalışan tədqiqatçılar “Open Access” jurnallarda məqalələrini ödənişsiz dərc etdirmək imkanı qazanıblar.
Bu çərçivədə alimlər növbəti üç il ərzində nəşriyyatın yüzlərlə yüksək impakt faktorlu jurnalında məqalələrini limitsiz sayda dərc etdirə bilərlər. Adətən minlərlə manat təşkil edən məqalə nəşri xərcləri isə müqavilə çərçivəsində qarşılanır.
Artıq bu imkandan yararlanan alimlər də var. Bakı Mühəndislik Universitetinin müəllimi Sevda Hüseynova və Xəzər Universitetinin fakültə dekanı Engin Karadağ məqalələrini “Cambridge University Press” tərəfindən nəşr edilən açıq əlyetərli beynəlxalq elmi jurnallarda dərc etdiriblər.
Məsələ ilə bağlı Gununsesi.info tarixçi-alim Zaur Əliyevin fikirlərini öyrənib.
O bildirib ki, müqavilə bağlasan da, problemlər var:
“Azərbaycandan olan məqalələrin böyük hissəsini götürmürlər. Xüsusilə də humanitar sahədə olan məqalələri. Çünki Azərbaycanda o səviyyəyə çıxacaq nə mövzu var, nə də mütəxəssiz. Bir ildir ki, bu elan var, amma yazan yoxdur. Elə mövzular verirlər ki, onlar dünya standartlarına uyğun deyil. Onları İngilis dilində redaktə edəcək, yazacaq adam yoxdur. Nazirlik müqavilə bağlayıb və əlində də əsas tutur ki, yazmasanız, işdən çıxardacam sizi. Hətta universitetlər var, rektorlar açıq şəkildə hamını boğaza yığıb ki, təcili şəkildə orada məqalə dərc edin”.
Orxan
Gununsesi.info












