Canavarı boğaraq insanları xilas edən şəxs: “Qışqırıq səsləri eşitdim, gedəndə gördüm ki…” – FOTO/VİDEO

  • By admin
  • 01 İyun 2021 11:31

Son günlər hər kəs Naxçıvanda baş verən hadisədən danışır. Kəndə girərək uşaqlara xəsarət yetirən canavar və onları xilas edən kənd sakini…

Sosial şəbəkədə uşaqları xilas edən kənd sakini Elçin adlı şəxsin fotoları paylaşılıb. Hər kəs bu hadisəni müzakirə edir və onun barəsində müsbət rəylər yazırlar.

Gununsesi.info xəbər verir ki, Oxu.Az-ın əməkdaşı uşaqların həyatını xilas edən Elçin adlı şəxslə həmsöhbət olub.

Əvvəlcə onu deyək ki, hər kəsin Elçin deyə adlandırdığı şəxsin əsl adı Məmmədov Əkbər Cavad oğludur. 1966-cı il təvəllüdlü Ə.Məmmədov deyir ki, kənddə hər kəs onu Elçin deyə çağırır. Naxçıvanın Yuxarı Əylisli kəndində yaşayan Ə.Məmmədov deyir ki, mayın 27-si evdən çıxaraq bağa gedərkən qışqırıq səsləri eşidib:

“Həmin gün səhər saatlarında kəndə canavarın girməsi ilə bağlı söhbətlər yayılırdı. Aşağı Əylisli kəndində məktəbin həyətində uşaqlara hücum edib. Uşaqları yaralayıb, qaçıb. Kənd yolunda yaşlı bir kişiyə hücum edib, yenə qaçıb. Hər kəs yazır ki, uşaqları mən xilas etmişəm, amma mən o hadisədə orada olmamışam. Amma Allaha şükür uşaqların da vəziyyəti yaxşıdır. Axşam saatlarında mən bağa gedəndə canavar çobana hücum edirdi. Tez ora qaçdım. Gördüm iti artıq boğub, çobana doğru qaçır. İlk ağlıma gələn yerdən daş götürüb başına vurdum.

Mənə tərəf qaçdı və sol qolumdan yapışdı. Qolumu əlindən almaq üçün boğazından yapışdım. Sonra dişini sağ qoluma keçirdi. Boğazından sıxıb nəfəsi kəsilənə qədər gözlədim. Çoban başından bel ilə vurdu, eləcə də nəfəsini kəsdik. Bəlkə də canavarı öldürdüyüm üçün, başqalarına hücum etmə ehtimalı qalmadığı üçün insanlar mənim uşaqları xilas etdiyimi deyir”.

Ə.Məmmədov deyir ki, həmin gün canavar kənddə 4 nəfərə xəsarət yetirib:

“Hərdən yazırlar ki, canavar sürüsü hücum edib, sürü olmayıb. Canavar sürüsünün qarşısını almaq olmazdı. Bir canavar olub, onu da mən öldürdüm. Kənd camaatı sağ olsun, dəstək oldular. İlk növbədə mənə kömək edən Rasim Yusifov oldu, təmiz sarğı ilə qolumu sarıdı, polis serjantının köməyi ilə təcili xəstəxanaya çatdırdılar. Həkimlər də sağ olsun, başda Elşad Abutalıbov olmaqla vəziyyətimi nəzərə alıb, tez müdaxilə etdilər. İndi vəziyyətim yaxşıdır”.

Uşaqların da vəziyyətinin yaxşılaşdığını deyən Ə.Məmmədov hər gün onlarla əlaqə saxladığını deyir:

“Kənd yeridir, hər kəs bir-birini tanıyır. Uşaqların da vəziyyəti yaxşılaşır. Valideynlərini tanıyıram, soruşmuşam uşaqları. İnşallah tezliklə sağalacaqlar”.

Qeyd edək ki, Naxçıvan təcili tibbi yardım xidmətindən bildirilib ki, xəsarət alanlar 1977-ci il təvəllüdlü Bədəlov Əli Məcnun oğlu, 1966-cı il təvəllüdlü Məmmədov Əkbər Cavad oğlu, 2008-ci il təvəllüdlü Qəhrəmanov Təyyar Əbülfəz oğlu və 2005-ci il təvəllüdlü Qəhrəmanova Məryəm Rafiq qızıdır. Onlardan M. Qəhrəmanovanın vəziyyəti yaxşı olduğundan evə buraxılıb. Digər şəxslərdən birinin isə vəziyyəti nisbətən ağır olduğundan Naxçıvan şəhərinə göndərilib.